Müsavatçı fəalın hüquqlarını müdafiə komitəsi yaradıldı

Müsavatçı fəalın hüquqlarını müdafiə komitəsi yaradıldı
Bütün Xəbərlər
20:00 24.07.2014
660

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası bu gün Fərəc Kərimlinin saxlanılması ilə əlaqədar mətbuat konfransı keçirib. 

AZXEBER.COM APA--ya istinadən məlumatına görə, Müsavat başqanı İsa Qəmbər bildirib ki, Fərəc Kərimli siyasi mənsubiyyətinə və sosial şəbəkələrdə aktiv olduğu üçün həbs olunub. Onun sözlərinə görə, Fərəc Kərimlinin həbsi Müsavat Partiyasına qarşı təzyiqdir.

İsa Qəmbər Fərəc Kərimlinin hüquqlarını müdafiə komitəsinin yaradıldığını diqqətə çatdırıb.

Gənc fəalın vəkili Nemət Kərimli deyib ki, indiyədək onun harada saxlanıldığı barədə heç bir məlumat yoxdur: “Yalnız onu bilirik ki, Fərəc Kərimli Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Mən düşünürəm ki, ona qarşı irəli sürülən ittihamlar absurddur”.

Müsavat GT-nin sədri Əhliman Abbas isə qeyd edib ki, Fərəc Kərimlinin həbsdən azad olunması istiqamətində müəyyən işlər görüləcək, bu barədə beynəlxalq təşkilatlara məlumat verəcək.

Onun atası Rafiq Kərimli də oğluna qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və oğlunun narkotik istifadəçisi olmadığını vurğulayıb.

Qeyd edək ki, Fərəc Kərimli ötən gün səhər saatlarında saxlanılıb. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. O. Mansurzadə qeyd edib ki, F. Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.

OXŞAR XƏBƏRLƏR