Müştəri Azərbaycan Beynəlxalq Bankını hesabından artıq pul çıxarmaqda ittiham edir – FOTOLAR

Müştəri Azərbaycan Beynəlxalq Bankını hesabından artıq pul çıxarmaqda ittiham edir – FOTOLAR
Bütün Xəbərlər
13:10 04.03.2015
1274

Bank rəsmisi danışdı.

AZXEBER.COM xəbər verir ki, oxu.az-ın redaksiyasına manatın devalvasiyasından sonra bank ödənişləri ilə bağlı ciddi problem yaşayan vətəndaş müraciət edib.

Əfqan Abbasov adlı vətəndaş bildirir ki, fevralın 19-da, manatın devalvasiyasına 2 gün qalmış Türkiyədə bankomatdan Azərbaycan Beynəlxalq Bankının “Visa” kartı ilə 4000 min lirə pul çıxarıb.

“Ayın 21-də internet vasitəsilə kartıma baxdım və gördüm ki, 4000 min lirə qarşılığında bank kartdan 1307 manat pul çıxarıb (devalvasiyaya qədər olan məzənnə ilə - red.). Ayın 23-də kart hesabıma baxanda isə təəccübləndim – 412 manat borc gördüm. Borcun niyə belə olduğunu araşdırdım.

Aydın oldu ki, mənim ayın 19-da kartdan çıxardığım pulun fevralın 23-nə olan məzənnə ilə hesablayırlar və 1307 manat əvəzinə 1754 manat çıxıblar. Bankdan bunu soruşduqda isə müxtəlif bəhanələr gətirdilər. Mən anlaya bilmirəm, bir Visa kartında necə borc yazıla bilər? Axı mən pulu kartdan ayın 19-da çıxarmışam, Milli Bankın həmin günə olan məzənnəsi ilə hesablanmalı olan ödəniş niyə görə devalvasiyadan sonra – ayın 23-nə olan məzənnə ilə hesablanır?”, - deyə, Əfqan Abbasov yazır.

Öz növbəmizdə biz məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu göndərdik və ABB-nin mətbuat xidmətinin rəhbəriRauf Ağayevdənməsələyə aydınlıq gətirməsini istədik.

Rauf Ağayevin sözlərinə görə, beynəlxalq ödəniş sistemlərinin (MasterCard, Visa və s.) şərtlərinə əsasən, bank kartları vasitəsilə əməliyyatlar aşağıdakı qaydalarla keçirilir:

“Kart vasitəsilə əməliyyat aparılarkən, kartı qəbul edən bank tərəfindən ödənişin məbləği barədə emitent banka, yəni kartı buraxan banka sorğu göndərilir. Emitent bank bu sorğuya cavab olaraq həmin banka kartın etibarlığı və müştərinin ödəniş qabiliyyətliyi barədə məlumat verir və sorğuda göstərilən məbləğ emitent bank tərəfindən bloklanır. Bütün bunlar bir neçə saniyə ərzində avtomatik baş verir”.

Mətbuat xidmətinin rəhbərinin bildirdiyinə görə, müştəri ola bilər ki, hesabını yoxladıqda həmin vəsaitin silindiyini görəcək.

“Amma məbləğin bloklanması müştərinin bank hesabından vəsaitin silinməsi hesab edilmir və ödəniş əməliyyatının həyata keçirilməsi demək deyildir. Sadə dillə desək, istər ölkə daxilində, istərsə də xaricdə kartı qəbul edən bank öz cibindən müştərinin pulunu verir və arxayındır ki, bu məbləği kartın aid olduğu bankdan nə vaxt istəsə götürə bilər. Bu da ödəniş tələbi əsasında həyata keçirilir. Ödəniş tələbi kartı qəbul edən bank tərəfindən qaydalara görə ən geci 33 gün ərzində göndərilməlidir. Adətən xarici ticarət və xidmət müəssisələri bu tələbi bir neçə gün və bir neçə həftədən sonra göndərirlər. Bu təcrübə kart əməliyyatları üzrə bütün dünyada norma sayılır.

Nəhayət, ödəniş tələbi göndərildikdən sonra müştərinin hesabından həmin bloklanmış vəsait silinir. Və, diqqət edin, bu halda valyuta mübadiləsinə ehtiyac varsa, mübadilə pul vəsaitinin məhz hesabdan silinən günün məzənnələri ilə keçirilir.

Kart vasitəsilə aparılan əməliyyatların keçirilmə və vəsaitlərinin silinmə günlərində olan məzənnələr müxtəlif olduqda, bloklanmış məbləğlə hesabdan silinən məbləğ fərqli ola bilər. Adətən, valyuta məzənnlərənin dəyişməsi çox kiçik olduqda, bu fərq gözə çarpmır. 21/02/2015-ci il tarixində isə AR Mərkəzi Bankı tərəfindən qəbul edilmiş milli valyuta məzənnələrinin rəsmi dəyişdirilməsi zamanı artıq bu fərq nəzərə çarpacaq dərəcədə təşkil edib”, - deyə, ABB rəsmisi bildirir.

OXŞAR XƏBƏRLƏR