Müxalifət bu gün aksiya keçirəcək - 'Tarqovı'da

Müxalifət bu gün aksiya keçirəcək -
Bütün Xəbərlər
10:41 17.11.2012
1066
Bu gün Bakının “Fəvvarələr meydanı”nda saat 15:00-da mitinq olacaq. Mitinqin təşkilatçıları siyasi partiyaların, gənclər təşkilatları, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, eləcə də mühacirətdə yaşayan azərbaycanlılardır. Ümumilikdə mitinqin təşkilatçılığına 51 nəfər qoşulub ki, onların sırasında AXCP, Müsavat, ADP, VHP, KXCP partiyalarının rəhbərliyində təmsil olunan şəxslər də var. Bugünkü mitinq hər hansı siyasi təşkilatın, ictimai qurumun deyil, bütövlükdə müxalif ictimai-siyasi düşərgənin birgə etiraz aksiyası kimi nəzərdə tutulub. Təşkilatçılar yaydığı məlumatda bu etirazı 20 oktyabr aksiyasının davamı kimi qiymətləndirirlər. Planlaşdırılan aksiyanın əsas tələbi parlamentin buraxılması, yeni parlament seçkisinin keçirilməsidir. Mitinqin təşkilatçıları Bakı şəhər Icra Hakimiyyətinə müraciət ediblər. BŞIH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsindən təşkilat komitəsinə vətəndaşların istirahətinin təşkili üçün nəzərdə tutulan “Fəvvarələr meydanı”nda etiraz aksiyasının keçirilməsinə qanunvericiliklə icazə verilmədiyini qeyd edərək aksiyaya “yox” deyib. Müsavat Partiyasının qərargahıda sədrlər şurasının keçirdiyi iclas zamanı qərara alıb ki, bugünkü aksiyada iştirak edilsin. Bu barədə məlumatı Müsavat Divanının üzvü, partiyanın gənclər təşkilatın sədri Tural Abbaslı verib. Tural Abbaslı Bakı Şəhər Baş Polis Idarəsinin aksiya ilə bağlı xəbərdarlığına da toxunub: “Yeni qanun yanvar ayının 1-də qüvvəyə minir. Biz dəfələrlə demişik, indi də deyirik ki, həmin qanun ona görə tez-tələsik qəbul olundu ki, aksiyaların kütləviliyinin qarşısı alınsın. Polis də hər aksiya öncəsi bundan təbliğat kimi istifadə etməyə çalışır”.  Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, polis sabaha nəzərdə tutulan icazəsiz etiraz aksiyasının qarşısını yüksək səviyyədə alacaq: “Biz icazə verə bilmərik ki, kimliyindən asılı olmayaraq paytaxtın mərkəzində, insanların ən sıx olduğu bir ərazidə hansısa razılaşdırılmamış aksiya keçirilsin”. 
OXŞAR XƏBƏRLƏR