Müxalifət partiyaları İctimai Palatanın namizədini müdafiə edə bilərmi? - SORĞU

Müxalifət partiyaları İctimai Palatanın namizədini müdafiə edə bilərmi? - SORĞU
Bütün Xəbərlər
17:38 24.12.2012
945

İctimai Palata (İP) prezident seçkilərində iştiraka hazırlıqla bağlı qərar verib. Hələlik iştirak barədə konkret qərar olmasa da, hazırlığa start verilməsi İP-in seçkilərdə iştirak niyyətindən xəbər verir.

 İP-in seçkilərdə vahid namizədlə iştirakı məsələsi də gündəmdədir. Belə olan halda, digər partiyaların və partiya sədrlərinin İP-in prezidentliyə namizədini dəstəkləməsi mümkündürmü?

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa APA-ya açıqlamasında deyib ki, 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərinə BQP öz namizədi ilə gedəcək. İctimai Palatanın Azərbaycan cəmiyyətinə yenilik gətirəcək bir anlayışı təlqin etmədiyini deyən F. Mustafanın sözlərinə görə, bu qurum əslində Azərbaycanın 20 il əvvəlki düşüncə sistemini yenidən canlandırmaq xətti tutub: “Bu da günün reallıqlarına uyğun deyil. Bu baxımdan da biz müstəqil şəkildə seçkilərdə iştirak edib, Azərbaycan cəmiyyətinin real vəziyyətinə uyğun olaraq ciddi islahat xarakterli bir proqramla çıxış etməyi düşünürük. Ümid edirəm ki, seçkilərdə bu fərqliliyə görə cəmiyyətdən böyük dəstək alacağıq”. 

Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya deyib ki, İctimai Palatanın namizədini deyil, Qarabağ Blokunun müəyyənləşdirəcəyi namizədi müdafiə edəcək: “İctimai Palata ilə onun namizədini dəstəkləmək barədə heç bir danışığımız, razılaşmamız yoxdur. Biz müxalifətin ümumi namizədini müəyyən olunması istiqamətində danışıqlar aparmışıq. Bu namizədin isə müəyyən olunması İctimai Palatanın qərarından asılı olan məsələ deyil. Ona görə də, bu məsələdə İctimai Palatanın kimi müəyyən etməyi Qarabağ Bloku və Ümid Partiyası üçün elə bir önəm kəsb etmir və bu istiqamətdə hər hansı qərarımızı, yaxud siyasi mövqeyimizi ifadə etmək niyyətində deyilik. Biz Qarabağ Bloku olaraq, müxalifətin seçkilərə vahid namizədlə qatılmasının tərəfdarıyıq və bu istiqamətdə danışıqlar aparırıq. Namizəd müəyyənləşəcəyi təqdirdə danışıqları davam etdirə bilərik. Lakin hər halda Ümid Partiyası və Qarabağ Bloku olaraq, seçkilərdə iştirak etmək niyyətimizi ifadə etmişik və bu barədə də qərarımız olacaq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya bildirib ki, əgər müxalifət tam olaraq təşkilatlanarsa, o formatda seçki taktikası ilə bağlı mövqeyin razılaşdırılmasının tərəfdarıdır: “Başqa halda heç bir qurumun namizədini müdafiə eləyə bilmərik. Yanaşmamız belədir ki, müxalifət təşkilatlanmalı, siyasi müstəvi formalaşdırılmalı və narazı kütlə bir platformada toplanmalıdır. Namizədin kim olması məsələsi bizim üçün əhəmiyyətli deyil. Elə bir seçki taktikası qəbul etməliyik ki, o taktika əsasında narazı kütləni siyasi qüvvələrin ətrafında toplaya bilək. Bu prinsipləri özündə birləşdirən namizədi dəstəkləyə bilərik. Bu, ayrı-ayrı qurumların daxili müzakirələrinin nəticəsinin dəstəklənməsi kimi anlaşılmamalıdır”.

VİP sədrinin sözlərinə görə, əgər müxalifətin bir araya gəlməsi baş tutmasa və bu məsələdə hər bir partiya, ittifaq öz marağından çıxış edərsə, VİP də seçkilərlə bağlı mövqeyini gələn ilin əvvəlində ortaya qoyacaq.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər APA-ya açıqlamasında namizəddən öncə demokratik seçki mühitinin yaradılmasının vacibliyini bildirib: “Azərbaycanda seçkilər gözlənilmir ki, namizəd məsələsi də müzakirə olunsun”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan APA-ya bildirib ki, ümumən müxalifətin vahid namizədindən danışmaq hələ tezdir: “Lakin birgə iştirakdan söz açmaq olar. “Yaxı olar ki, ilk öncə müxalifət ədalətli seçkilərin keçirilməsinə imkan yaradan qanunvericilik və seçkiqabağı mühit uğrunda vahid komandaya çevrilsin”.

Ə. Temirxan həmçinin qeyd edib ki, partiya seçkilərdə iştirak qərarı verərsə, partiyanın lideri Lalə Şövkət prezidentliyə namizəd olacaq.

Klassik Xalq Cəbhəsi Partiyasının (KCXP) sədri Mirmahmud Mirəlioğlu  APA-ya açıqlamasında İctimai Palatanın namizədini dəstəkləməyəcəyini deyib. O, qeyd edib ki, KXCP özü prezident seçkilərində iştirak etmək niyyətindədir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə isə APA-ya bildirib ki, partiya 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində birmənalı şəkildə iştirak edəcək: “Namizədi isə partiyanın qurultayı müəyyən edəcək. Qurultayın növbəti ilin ilk aylarında keçirilməsi planlaşdırılır”.

OXŞAR XƏBƏRLƏR