Ona görə yox ki, Azərbaycanda müxalifətin tədbirlərinə süni maneələr yaradılır, ona görə ki, Şura üzvlərinın Bakıda toplaşmaları üçün cəsarətləri kifayət etmədi. Əslində Azərbaycanın istənilən bölgəsində, istənilən şəhər və rayonunda belə bir toplantının keçirilməsi üçün hüqqi, siyası əsaslar mövcuddur. Lakin nədənsə öz-özündən xoflanan Milli Şura üzvləri yığıncaqlarını doğma vətəndə keçirməyi məqbul bilmədilər. Bu isə o deməkdir ki, MŞ üzvləri öz “qrexlərini” bildiklərindən, hansı cinayət əməlinə sahib olduqlarını dərk etdiklərindən ehtiyatlı davranıblar. Məlumata görə, Tiflisin “Vera Palace” otelində keçirilən görüşdə MŞ-nın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası ilə bağlı prosesin sürətləndirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmək qərara alınıb. Eyni zamanda Rusiya vətəndaşlığından imtina məsələsi həll olunmadığı üçün onun hələlik Bakıya dönməsi məqbul sayılmayıb. Toplantının qərarına görə, R. İbrahimbəyovun Bakıya dönüşü yalnız Milli Şuranın qərarı ilə olacaq.
Maraqlıdır, Milli Şuranın Tiflis görüşü prezident seçkilərinə hansı təsirini göstərə bilər?
Millət vəkili Eldar İbrahimov bildirib ki, Milli Şura adlanan amorf, qeyri-ciddi bir qurumun üzvlərinin Tbilisi səfəri Azərbaycanda payızda keçiriləcək növbəti prezident seçkilərinə, o cümlədən, ölkə ictimaiyyətinin rəyinə, seçiminə heç bir təsir etməyəcək və ümumiyyətlə, seçkilər prosesinə heç bir kölgə sala bilməyəcək. Belə görüş istər Tbilisidə, istər Bakıda, istərsə də başqa yerdə olsun, fərqi yoxdur, radikal müxalifət liderləri, Milli Şurada təmsil olunan ambisiyalı, iddialı partiya rəhbərləri və yetkililəri bir araya gələ bilməyəcəklər. E.İbrahimov qeyd edib ki, indiyə kimi müxalifət liderlərinin axıradək bir yerdə addımlaması, hansısa şəxsin namizədliyi üzərində sonadək dayanması mümkün olmayıb və bu baxımdan, bu dəfə də belə olacaq, keçmiş “tarix”, keçmiş “ənənə” təkrarlanacaq. Millət vəkilinin dediyinə görə, artıq xeyli vaxtdır bunun aşkar-gizli işartıları da görünməkdə, sezilməkdədir. E. İbrahimov deyib ki, son günlər eks-spiker Rəsul Quliyevlə Müsavat başqanı İsa Qəmbər və onun tərəfdarları arasında baş verənlər, ziddiyyətlərin, düşmənçiliyin pik həddinə çatması, həmçinin, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə, Müsavat liderinin ehtiyat namizəd qismində özünün iştirak edə biləcəyinə işarə vurması və sair, deyilənlərin əyani sübutu, təsdiqidir. Bu baxımdan demək olar ki, Tbilisi görüşü də radikal müxalifətə, Milli Şuraya heç bir uğur gətirmədi: “Ambisiyalı, heç zaman bir-birinə güzəştə getmək istəməyən, əksinə, hər məqamda bir-birinə badalaq vuran bu şəxslər Tbilisi görüşündən sonra da razılığa gələ, seçkilərdə axıradək vahid namizədlə iştirak edə bilməyəcəklər. İkincisi də, heç kimə Azərbaycana gəlməyə, ölkə qanunları çərçivəsində burada öz siyasi fəaliyyətini davam etdirməyə heç bir qadağa, maneə qoyulmayıb və belə bir məsələ də yoxdur. Sadəcə, görünür İbrahimbəyov kimilər beynəlxalq aləmdə Azərbaycanın adına ləkə salmaq, ölkəmizdə mövcud olan demokratik mühitə qara yaxmaq üçün müxtəlif bəhanələr gətirir, həmçinin, Azərbaycanda kənarda görüş keçirməklə özləri ətrafında bir görüntü, ajiotaj yaratmaq istəyirlər. Bu isə alınan və baş tutan məsələ deyil”.
E. İbrahimovun eyni zamanda qeyd edib ki, istər İbrahimbəyov, istərsə də digəri olsun, hər zaman Azərbaycana gələ bilər: “Axı, Rüstəm İbrahimbəyova indiyə kimi Azərbaycana gəlib-getməyə kim mane olub ki? Həmişə gəlib-getdiyi Bakıdır da. İndi ona kim mane olur ki, gəlməsin? Sadəcə, bunları gözləyən gələcək uğursuzluqlardan, ətraflarında olan azsaylı insanların qınağından yayınmaq, məsuliyyətdən boyun qaçırmaq üçün “gəlirəm- gəlmirəm” oyununu ortaya atıblar. Ancaq onu bir daha qəti əminliklə vurğulamaq istəyirəm, İbrahimbəyov istər gəlsin, istər gəlməsin, istərsə də onun əvəzinə İsa Qəmbər və ya digər müxalifət lideri olsun, onlar heç bir uğur əldə edə bilməyəcəklər. Eyni zamanda, onlar dediyim kimi, heç vaxt səmimi şəkildə bir yerdə ola, vahid, ümumi fikrə gələ bilməyəcəklər. Buna onların şəxsi maraqları, bitib-tükənməyən şəxsi iddiaları, şəxsi ambisiyaları yol verməyib və verməyəcək. Tbilisi görüşü də bunları növbəti uğursuzluq zolağından xilas edə bilməyəcək, əksinə, bu görüş müxalifətdaxili ziddiyyətləri daha da kəskinləşdirəcək və nəticədə də seçkilər rəsmən başlamamış onlar bəri-başdan növbəti məğlubiyyət, uğursuzluq acısını yaşamalı olacaqlar”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov görüşün təfərrüatları barədə ölkəmizi təmsil edən media nümayəndələrinə məlumat verməkdən yayınaraq gürcü jurnalistlərinə rus dilində açıqlama verib. Onu da xatırladaq ki, 2001-ci ildən başlayaraq hər il avqustun 1-i ölkəmizdə «Azərbaycan əlifbası» günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır.
Maraqlıdır, öz ana dilində danışmağı özünə rava bilməyən “vahid namizəd” bu kimi milli dəyərlərin əhəmiyyətini necə dərk edəcək? /// olaylar