Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi

Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi
SİYASƏT
14:10 22.09.2023
362
Vətən Müharibəsindən 3 il ötür. Bu zaman ərzində Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti davam etmişdir. Belə ki, üçtərəfli bəyanatın müddəaları təmin edilməmiş, Ermənistan silahlı qüvvələrinin birləşmələri ərazilərimizdən çıxarılmamışdır. Qarabağ iqtisadi rayonunda davamlı olaraq səngərlər qazılır, silahlar daşınır, fortifikasiya qurulur, istehsal ili yeni olan minalar basdırılır. Qanunsuz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki silahlı birləşmələri, erməni diversiya qrupları tərəfində dinc əhaliyə və hərbiçilərimizə qarşı təxribat törədilir. 

Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi.

2023-cü il 20 sentyabr tarixində Azərbaycan xalqına tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev antiterror tədbirləri, onun zəruriliyi, səbəbləri və nəticələri barədə fikirlərini açıqlamış, bu xüsusda baş verən hadisələri müxtəlif aspektlərdən təhlil edərək yeni şəraitdə qarşıda duran məsələləri diqqətə çatdırmışdır. Bu müraciət, əslində, təkcə Azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıcdır. Diqqət yetirsək, aydın görə bilərik ki, ölkə rəhbərinin bəyanatında səslənən tezislər əsasən humanizm dəyərləri üzərinə köklənir. Belə ki, Qarabağın terrorlçulardan təmizlənməsi ilə bağlı tədbirlər mülki əhaliyə və mülki obyektlərə toxunmadan böyük peşəkarlıq və dəqiqliklə həyata keçirilmişdir. 
Əldə edilən razılığa əsasən Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Göründüyü kimi, Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha Azərbaycanın gücünün, qüdrətinin şahidinə çevrildilər. Bir günə təmin olunan qələbə Azərbaycan Ordusunun müstəqiliyimizə, suverenliyimizə yönələn hər bir təxribatın qarşısını qətiyyətlə almaq imkanında olduğunu sübut etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev daim bu çağırışı edir ki, "dəmir yumruq” yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırdığı təqdirdə bunu unutmamalıdırlar. Üç ilə yaxın müddətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn müddəaların yerinə yetirilməsinə maraq göstərməyən, hələ də havadarlarının dəstəyi ilə 30 illik işğal dövrünün ab-havası ilə yaşayan Ermənistan unudur ki, artıq Azərbaycan o illərin Azərbaycanı deyil. Bu gün qalib ölkə olaraq reallıqları diktə edən və onun qəbulu istiqamətində səylərini günbəgün artıran Azərbaycandır!

Azərbaycan Ordusunun bir gün ərzində uğur hekayəsini yazması yüksək peşəkarlığın, zəngin təcrübənin, mükəmməl planın nəticəsidir. Azərbaycan növbəti tarixi Zəfəri ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. 30 illik işğal dövründə məsələnin sülh danışıqları əsasında nizamlanmasında maraqlı olan Azərbaycan bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməyə, ədalətin, beynəlxalq hüququn tətbiqi şəraitində ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərdi. Ən yüksək tribunalardan bəyan edildi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ən əsası Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Hücum!” əmrini yüksək əhval-ruhiyyə ilə qarşılayan Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda, 44 gündə 30 ilin işğalına son qoydu. 

Beləliklə, Qarabağda lokal antiterror tədbirlərini uğurla başa çatdıran Azərbaycan ordunun gücünə və xalqın birliyinə güvənərək ərazi bütövlüyümüzün və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində bütün lazımı tədbirləri ardıcıl olaraq həyata keçirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çevik daxili və xarici siyasət, qətiyyətli diplomatik addımlar nəticəsində Azərbaycanın bütün ərazisində konstitusion quruluş bərpa olundu. Eyni zamanda, 30 ildən artıq müddət ərzində qondarma rejimin girovuna çevrilmiş Qarabağ erməniləri də qaranlıq taleyə aparan yoldan geri qayıtmaq üçün fürsət əldə etdilər. 

Azərbaycan sübut etdi ki, bütün xoş niyyətlər, o cümlədən sülh uğrunda mücadilə yolunda heç kim onun qarşısında dura bilməz. Bu isə əminlik yaradır ki, Cənubi Qafqazda siyasi sabitliyin və inkişafın əsas qarantı olan qüdrətli dövlətimiz bu istiqamətdə qarşısına qoyduğu bütün məqsədlərinə tezliklə və böyük uğurla nail olacaqdır.

Naftalan şəhər sakini Səbuhi Qasımov

OXŞAR XƏBƏRLƏR