Mövsüm başlamadan boğulma halları artır – Xəzərdə üzmək niyə təhlükəlidir?

Mövsüm başlamadan boğulma halları artır – Xəzərdə üzmək niyə təhlükəlidir?
SOSİAL
15:55 12.06.2026
399

Havanın istiləşməsi ilə əlaqədar insanların dənizə üz tutması artıb. Lakin çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması bəzən xoş istirahətin faciə ilə nəticələnməsinə səbəb olur.

Hər il dənizdə boğulma halları qeydə alınır. Bu gün də Şüvəlan qəsəbəsində dənizdə çimən bir nəfər boğularaq həyatını itirib.

Hadisə zamanı qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili AZXEBER.COM-a açıqlamasında bildirib ki, çimərlik mövsümünə hazırlıq məqsədilə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Onun sözlərinə görə, cari ilin aprel ayından etibarən xidmət tərəfindən sahilyanı ərazilərdə monitorinqlər aparılıb. Məqsəd istifadəyə yararsız və təhlükəli sahələri müəyyənləşdirmək, həmçinin özəl çimərlik operatorlarını təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırmaq olub.

"Xidmətin nəzarətində olan çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı maneələrə baxış keçirilib, təmizlik işləri aparılıb”, – deyə A.Əlili qeyd edib.


O bildirib ki, güclü küləklər və dalğalar nəticəsində sahilə müxtəlif daşlar və digər yad cisimlər gətirilir:

"Xəzər dənizi elə bir coğrafi mövqedə yerləşir ki, burada ilin təxminən 250 günü güclü küləklər müşahidə olunur. Bundan əlavə, son illərdə dənizdə suyun səviyyəsinin geri çəkilməsi bəzi yeni təhlükələrin yaranmasına səbəb olub. Bu səbəbdən sualtı çökəkliklərin, yarğanların, burulğanların və qəfil dərinliklərin müəyyənləşdirilməsi üçün mütəmadi monitorinqlər keçirilir”.

A.Əlili vurğulayıb ki, monitorinqlər zamanı təhlükəli sahələr aşkar edildikdə həmin ərazilər xüsusi nişanlarla işarələnir və xəbərdaredici lövhələr quraşdırılır. Həmçinin çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanlar yerləşdirilir və vətəndaşların məlumatlandırılması məqsədilə Azərbaycan və ingilis dillərində maarifləndirici lövhələr quraşdırılır.

Şöbə rəisinin sözlərinə görə, son illərdə çimərliklərdən istifadə edənlərin sayı artdığından təhlükəsizlik tədbirləri daha da gücləndirilib:

"Bu artımı nəzərə alaraq, xidmət tərəfindən vakant matros-xilasedici vəzifələri üzrə müsabiqə elan olunub. Xilasetmə texnikası və avadanlıqları tam işlək vəziyyətə gətirilib. Xidmət əməkdaşları mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər”.

A.Əlili vətəndaşlara müraciət edərək çimərlik seçərkən diqqətli olmağı tövsiyə edib:

"Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin yetərli səviyyədə təşkil olunmadığını göstərir. Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır. Qızmar günəş altında uzun müddət qalmaq və hava qaraldıqdan sonra dənizə daxil olmaq da təhlükəlidir.

Bundan əlavə, xilasedicilərin göstərişlərinə və xəbərdaredici lövhələrin tələblərinə mütləq əməl edilməlidir. Küləkli və dalğalı havada üzmək, spirtli içki qəbul etdikdən sonra suya girmək, təhlükəli hərəkətlər etmək, üzmə sərhədlərini keçmək, su nəqliyyatı vasitələri ilə çimərlik ərazisinə daxil olmaq və çimərlikdə balıq ovlamaq qadağandır.

13 yaşınadək uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz buraxılmamalıdır. Çimərliklərdən təhlükəsiz istifadə üçün tövsiyə olunan vaxt səhər saat 09:00-dan axşam saat 20:00-dəkdir”.

OXŞAR XƏBƏRLƏR