Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə "mygov” platformasına yeni inteqrasiyalar həyata keçirilib.
AZXEBER.COM xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində instrumental diaqnostik müayinə nəticələri və tibbi göndərişlər platformada təqdim olunur. Bu xidmətlər hazır sənəd formasında təqdim edilir və vətəndaşlar "mygov”a daxil olduqda təqdim edilmiş müvafiq sənədlərlə tanış ola və onları sistemdən yükləyə bilərlər.
İnstrumental diaqnostik müayinə nəticələri vətəndaşlara tibbi göstəriş əsasında təqdim olunan və onların müalicə prosesində istifadə edilən rəsmi tibbi sənəddir.
Tibbi göndərişlər isə vətəndaşların müvafiq müayinələrə və ya stasionar müalicəyə yönləndirilməsi məqsədilə təqdim olunan rəsmi tibbi sənəddir.
Dövlət tibb müəssisələri tərəfindən verilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM, EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibb müəssisələrinə verilən tibbi göndərişlərə "mygov” platforması üzərindən elektron şəkildə baxmaq və PDF formatında yükləmək mümkündür.
Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada "Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə "Sağlamlıq” kateqoriyası vasitəsilə çıxış mümkündür.
Xatırladaq ki, laborator analiz nəticələri barədə məlumatları da birbaşa mygov platformasından əldə etmək mümkündür.