Nərgiz Cəlilova: "Bu səbəbdən müsabiqənin obyektivliyinə şübhə etmirəm" (EKSKLÜZİV)
ŞOU-BİZNES
14:25 12.06.2011
1464
Müsahibəni olduğu kimi təqdim edirik.
-Milli kitab mükafatında Pərvizin qalib gəlməsini necə qarşıladınız? Sizcə, bu əsər qalib gəlməyə layiq idi? -Mən verdiyim balla fikrimi bildirmişəm. Amma bildiyiniz kimi münsiflər heyətində 17 nəfər var idi. Onlar müxtəlif peşə sahibləri idi və çox tanınmış insanlar idi. Hər biri öz işini bilir. Mən onların işinə müdaxilə etmək istəmirəm. Mən Pərvizə 9 bal vermişəm. Bir oxucu kimi onun əsərində bir çox nüansları bəyəndim. Lakin mənim favoritim Azər Abdullanın “Sarı tağ” əsəri idi. Bu əsər məni çox duyğulandırdı. Təbii ki, bir azərbaycanlı kimi məni ən çox düşündürən məsələ Qarabağdır. Bunu tam səmimi deyirəm. Hətta biz “Eurovision”da qalib gəldikdə düşündüm ki, gələn il Azərbaycana Avropadan çox sayda jurnalist və digər peşə sahibləri gələcək. Onlar Azərbaycanı yalnız müsbət tərəfdən tanıyacaqlar. Düşünürəm ki, bütün bunlar Qarabağa münasibətin dəyişməsinə təsir edəcək. Az əvvəl qeyd etdiyim kimi, Azər Abdullanın əsərində də Qarabağla bağlı məqamlar diqqətimi cəlb etdi. Amma qeyd edim ki, əsərin yazılış tərzini də çox bəyəndim. Bu əsəri oxuduqdan sonra əmin oldum ki, biz tarixi faktlar və sənədlərlə sübüt edə bilərik ki, Qarabağ münaqişəsində haqlı olan tərəf bizik.
-Bildiyimiz kimi, siz keçən il də Milli kitab mükafatının münsiflər heyətində idiniz. Keçənilki və builki əsərləri müqayisə edərkən hansının daha səviyyəli olduğunu düşünürsünüz? -Bir oxucu kimi yanaşdıqda həm ötən il, həm də bu il mənə cansıxıcı gələn əsərlər var idi. Bəzi əsərlərdə müəllif məzmundan kənar hissələrə həddən artıq yer verir və bu, oxucunu yorur.
-Keçən il Milli kitab mükafatını qazanan Qaraqanla Pərvizi necə müqayisə edərdiniz? -Mən bu iki müəllifi müqayisə etmək istəməzdim. Qaraqanın əsəri, bəlkə də, ədəbi kriteriyalarla çox da uzlaşmır. Lakin təəccüblü məqam odur ki, Qaraqan çox gənc yaşda olmasına baxmayaraq həyata münasibətini əsərindəki qəhrəmanların dili ilə dolğun ifadə edə bilir. Bu yaşda həyatı bu qədər dərk etmək, özünəməxsus baxış tərzinə malik olmaq təqdirəlayiqdir. Qaraqanın ifadə tərzi, üslubu çox maraqlıdır.
-Bəs, sizin fikrinizcə, Pərvizi fərqləndirən əsas məqam hansıdır? -Bilirsiniz, Qaraqanla Pərvizin əsərlərini mütəxəssislər daha yaxşı müqayisə edər. Mən, sadəcə, nəyə görə Qaraqanın əsərinə üstünlük verdiyimi izah elədim.
-Bu il Milli kitab mükafatından sonra Rəşad Məcid və Çingiz Abdullayev münsiflər heyətində iştirak etməkdən imtina etdilər. Onlar bildirdi ki, seçim qeyri-obyektiv aparılıb və münsiflər əvvəlcədən öz aralarında razılaşıb Pərvizi qalib ediblər. Bu haqda nə deyə bilərsiniz? -Artıq iki aydır ki, Milli kitab mükafatını qazanmağa namizəd olan 10 əsər bizə təqdim olunub. Bu iki ay ərzində mənə heç kim kimisə seçmək barədə təzyiq etməyib. Ümumiyyətlə, bu barədə nə müəlliflər, nə də münsiflər heyəti ilə aramızda heç bir söhbət olmayıb. Bu səbəbdən müsabiqənin obyektivliyinə şübhə etmirəm. Amma Rəşad müəllimlə, Çingiz müəllimin də fikrini hörmət etmək bizim borcumuzdur.
-Növbəti MKM-də iştirak edəcəksiniz? -Böyük məmnuniyyətlə iştirak edərəm.. Mən bunu MKM-in tədbirində də qeyd etmişdim ki, mənim üçün belə müsabiqədə iştirak etmək xoşdur. Çünki ən azından iki ay ərzində 10 müəllifin əsərini oxuyuram. Amma bir məqamı da qeyd etmək istəyirəm ki, hərənin öz fikri var. Əgər Çingiz Abdullayev və Rəşad Məcid MKM-də iştirak etməkdən imtina ediblərsə, onların fikrinə hörmətlə yanaşmaq lazımdır.