Nabran faciəsindən sonra istirahət mərkəzlərində nə dəyişib? - ARAŞDIRMA

Nabran faciəsindən sonra istirahət mərkəzlərində nə dəyişib? - ARAŞDIRMA
Bütün Xəbərlər
13:31 05.08.2013
4681

İstirahət dedikdə ağla gələn ilk görüntü çimərliklərdir. Yayın atributuna çevrilmiş çimərliklərdən istifadə bu il iyunun 1-dən start götürüb.

Həmişə olduğu kimi, bu il də istirahətini şəhərdən kənarda keçirmək imkanı olmayanlar həftə sonunda çimərliklərə üz tuturlar. Dəniz mövsümündə ən böyük problem giriş zamanı istənilən ödənişlərdir. Bu isə buradan istifadə edən yerli əhalinin narazılığına səbəb olur. Əslində isə dövlət qanunvericiliyində belə qanun yoxdur. Amma rahatlıq, komfort axtarışında olan insanlar bu çimərliklərdən istifadə etməyi seçirlər. Belə ki, çimərliklər 2 hissəyə ayrılır. Pullu və ya pulsuz. Görünüşündən də hansı çimərliyin pullu, ya da pulsuz olduğunu təyin etmək olur. Bəzi insanların ticarət obyektinə çevrilmiş bu çimərliklərin ətrafı hasarlarla bağlanmış olur. Girişin qiyməti isə əksər yerlərdə 5 və ya 10 manat olur. Müəyyən çimərliklər var ki, burda da təqaüdçülər və 6 yaşına çatmamış uşaqlardan pul tələb olunmur. Ödənilmiş pulun müqabilində isə müştərilərə müəyyən xidmət göstərilir. Belə ki, buna dənizdə istirahətlə yanaşı, çətir, duş, geyinmə-soyunma otağı da daxildir. Müştərilərin sözlərinə görə, bəzi çimərliklərdə bu ödənişi yalnız giriş zamanı versələr də, bəzilərində heç də belə deyil. Onlar hər saat bitdikdə növbəti saatı çimərlikdə keçirmək üçün yenidən ödəniş etməlidirlər. Pulsuz çimərliklərə gəlincə isə, burada da əhali tam pulsuz olaraq istirahət etmir. Sadəcə digər çimərlikllərlə müqayisədə çimmək onlara nisbətən ucuz başa gəlir. Belə ki, pulsuz çimərliklərdə əhalidən tələb olunanan ödənişləri sizə təqdim edirik:

Masa, stul, çətir -10 manat.

Uzanmaq üçün ləvazimat - 3-5 manat

Kottec – 55-80 manat

Skuter – 12-15 manat

Geyinib-soyunmaq üçün yer 1 manat

Futbol meydançası - 3 manat

Qida məhsullarına gəlincə isə, banan – hər yerdə maksimum 50 qəpiyə olsa da, burada 1-3 manata müştərilərə təqdim edilir. Qiyməti 40 qəpik olan içkilər burada 1 manata satılır. Qeyd edək ki, bütün pulsuz çimərliklərdə maşınlar üçün parkinq 1 manatadır. Ortalama hesabla demək olar ki, pulsuz çimərliklərdə istirahət etmək üçün hər kəsin cibində minimum 20-25 manat pul olmalıdır.

İstirahət mərkəzlərində yeganə problem qiymətlərin bahalığı deyil. Yəqin ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində başına gələn faciə hələ uzun müddət yaddaşlardan silinməyəcək. Belə ki, istirahət mərkəzlərinin lisenziyası olsa da, onların bəziləri bu standartlara cavab vermir. Belə olduqda meydana bir sual çıxır.

Görəsən daha neçə istirahət mərkəzinin lisenziyası qeyri-qanunidir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, ölkə ərazisində bu sistemə nəzarət yoxdur. Lisenziyaların verilməsində isə korrupsiya halları qaçılmazdır. Verilən lisenziyaların əksəriyyəti qanuni olaraq tənzimlənməyib: “Xarici ölkələrdə istənilən müəssisəni istifadəyə verdikdə ilk olaraq təhlükəsizlik xidməti nəzarətdən keçirilir. Göstərilir ki, yanğın baş verərsə, çıxışlar buradan olacaq. Və ya digər xilasedici tədbirlər öncədən görüldükdən sonra müəssisə istifadəyə verilir. Lakin Azərbaycanda da ilk olaraq müəssisə istifadəyə verilir. Mən əminliklə deyə bilərəm ki, dövlət qurumları nəinki orada, heç bir istirahət mərkəzində yoxlama aparmadan lisenziya veriblər. Gərək istehlakçılar özlərinə qarşı diqqətli davransınlar.”

 AİB sədri onuda əlavə etdi ki, zərərçəkmiş İmran Cəfərzadənin başına gələnlərdən sonra belə bu sistem həmişəki kimi nəzarətsiz qalacaq: “Mən inanmıram ki, hər hansı ciddi dəyişiklik baş versin. Nəinki bu sahədə, bütün turizm sahələrində ciddi boşluq yaşanmaqdadır. Misal olaraq deyə bilərəm ki, turizm mərkəzlərinin öz işçiləri belə koteclərdə qalırlar. Burada da heç bir təhlükəsizlik sistemi yoxdur. Məsələn hər hansı yanğın hadisəsi baş verərsə, onların öz potensialları yanğını söndürməyə yetməz.”

Nə qədər bədbəxt hadisələr baş versə də, insanları istirahətlərindən heç nə imtina etdirə bilməz. Kimiləri yenə də bu cür istirahət mərkəzlərindən istifadə etsə də, kimiləri baş verənlərdən sonra açıq çimərliklərə üstünlük verirlər. Hazırda əhali bəzi çimərlik xidmətlərindən, qiymətlərindən narazıdır. Onların fikrincə, burada xərclədikləri pulun miqdarına xarici ölkələrdə yaxşı dincəlmək olar. Sahil zolağına keçmək üçün pulla giriş təyin edilməsi haqqında qanun heç bir yerdə göstərilməsə də, bu cür hallar ilə qarşılaşmaq əhalinin narazılığı ilə qarşılanır.

Hazırda Şıx və Sahil çimərlikləri çimmək üçün nəzərdə tutulmayan sahələr sırasında olsa da, buna rəğmən buradan istifadə edənlərin sayı durmadan artır. Vəziyyət o yerə çatıb ki, hətta sanitar vəziyyəti standartlara cavab verməyən, çimmək qadağan olunmuş çimərliklər üçün də giriş haqqı tələb olunur. Bu il yay mövsümündə çimərliklərin sanitar vəziyyətinə nəzarət gücləndirilsə də, hələ də bu standartlara cavab verməyən kifayət qədər çimərliklər mövcuddur. Maraqlısı isə ondan ibarətdir ki, hələ də bu çimərliklərdən kifayət qədər istifadə edənlər mövcuddur. Qanunla nəzərdə tutulmayan bu çimərliklərdə batanlar isə durmadan artır.

Çimərliklərə getmək istəyənlərin nəzərinə onu da çatdıraq ki, bu il dəniz mövsümündə hansı çimərliyin gigiyenik cəhətdən nə dərəcədə təmiz olduğunu bilmək üçün monitorinqlər aparılır. Gigiyenik cəhətdən təmiz olmayan çimərliklərdən istifadə insanlarda bağırsaq çöplərinin yaranmasına səbəb ola bilər. Hazırda bu cür xəstəliklərin qarşısını almaq üçün Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Qurğular quraşdırıldan sonra nisbətən təmizlik nümayiş olunur ki, bu da burada istirahət edənlərin razılığı ilə qarşılanır.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR