Nabranda istirahət mərkəzində iki ayağını itirən uşaq haqqında – ŞOK TƏFƏRRÜAT – FOTOLAR

Nabranda istirahət mərkəzində iki ayağını itirən uşaq haqqında –  ŞOK TƏFƏRRÜAT – FOTOLAR
Bütün Xəbərlər
14:10 23.07.2013
17214

21 iyul 2013-cü il həmişəlik olaraq, Cəfərovlar ailəsi üçün onların həyatının ən faciəli günü kimi yadda qalacaq.

Nabran qəsəbəsində yerləşən “Nabran Holiday Village” akvaparkındakı hovuzun nasos sistemi atasının və hovuzda çimən digər insanların gözləri qarşısında iki yaşlı oğlanı sovuraraq özünə doğru çəkib. “Həmin vaxt hansı hissləri keçirdiyimizi sözlə təsvir etmək mümkün deyil. İmranın hər iki ayağı yerindən qopub, biz onu Xaçmazdakı ən yaxın xəstəxanaya çatdırdıq, aşağı ətraflarının hissələrini isə ayrıca apardıq” – körpənin göz yaşlarını saxlaya bilməyən xalasıƏzizə Baxşıyevabildirib. Xəstəxanada uşağa ağrıkəsici vurulub, qanaxması dayandırılıb, daha sonra isə ailə Bakıya yola salınıb. Dərddən ürəkləri üzülən valideynlər Bakıda Mərkəzi Kliniki Xəstəxanaya müraciət ediblər. “Mən özüm həkiməm və belə əməliyyatların aparılmasının nə qədər çətin olduğunu bilirəm. Bunun üçün (qopmuş aşağı ətrafları tikmək üçün – red.) yüksəkixtisaslı həkimlərdən ibarət heyət – remplantasiya edə bilən mikrodamar cərrahları tələb olunur” – deyə, Ə.Baxşıyeva qeyd edib. Vəziyyəti ağırlaşdıran isə o olub ki, hadisə bazar günü baş verib. Həkimlərin bir çoxu istirahətdə olub, lakin məyus olan ailə həvəsdən düşməyib, bu sahənin mütəxəssislərini bir araya cəmləyə bilib. Hər iki ayağın remplantasiyasını həyata keçirmək mümkün olmasa da, həkimlər heç olmasa bir ayağı saxlaya bilmək üçün əllərindən gələni əsirgəməyiblər. Əməliyyat edilib, lakin onun bitişəcəyinə heç bir zəmanət yoxdur. İmranın dünyaya gəlişini ailəsi xeyli müddət gözləməli olub. Valideynləri onun yolunu səbirsizliklə gözləyiblər. “Heç bilmirəm ki, onlar başlarına gələn bu faciədən sonra nə edəcəklər? Körpənin anası da, atası da şok vəziyyətindədirlər” – deyə, Ə.Baxşıyeva bildirib. Onun sözlərinə görə, hadisə yerinə dərhal polis çağırılıb, “Nabran Holiday Village” firmasına qarşı cinayət işi açılıb, lakin şirkətin rəhbərlərindən hələ indiyə qədər heç bir səs-soraq yoxdur. “Heç kim zəng etməyib, gəlməyib, maraqlanmayıb ki, uşaq sağdır, ya yox” – Əzizə Baxşıyeva deyib. Əməliyyata və müalicəyə Cəfərovlar ailəsi artıq külli miqdarda pul xərcləyib. Uşağın atası aeroportda mühafizəçi işləyir, anası isə orta məktəbdə ingilis dilindən dərs deyir. “Heç bilmirəm ki, nə edək. Əgər əlimizdə olub-qalanımızı satsaq belə, müalicənin haqqını ödəyə bilməyəcəyik. İmranın anası gərək işdən çıxsın ki, bütün vaxtını oğluna qulluq etməklə keçirsin” – Ə.Baxşıyeva bildirib. Ancaq onu daha çox hiddətləndirən odur ki, “Nabran Holiday Village” firmasının əməkdaşlarından hələ heç kim ortaya çıxmayıb. “Bu faciənin günahkarlarının cəzalandırılacağına əmin deyiləm. Onların etdikləri isə əsl cinayətdir. Necə ola bilər ki, istirahət edənlər hovuzda çimən zaman nasos sistemi işə salınsın? Axı faciənin qarşısını ala bilmək üçün nəyə görə nasosun qarşısına qoruyucu çəpər çəkilməyib?” – Ə.Baxşıyeva haqlı olaraq, hiddətini gizlədə bilməyib. Bu suallara cavab tapa bilmək üçün hal-hazırda “Nabran Holiday Village” şirkətinin əməkdaşları ilə əlaqə saxlamağa çalışırıq. Məsələ ilə əlaqədar sizi məlumatlandıracağıq.../// Gun.az

OXŞAR XƏBƏRLƏR