Naftalan və Yevlax Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə növbəti dəfə reallaşan sosial layihə çərçivəsində Yevlaxdan bir qrup qazi ölkəmizin müalicəvi turizm mərkəzi sayılan Naftalan şəhərində fəaliyyət göstərən "Gold Naftalan” müalicə və sağlamlıq mərkəzində müayinə olunaraq müalicə alırlar.
AZXEBER.COM xəbər verir ki, icra başçıları Vüqar Novruzov və Anar Tağıyev müalicə-sağlamlıq mərkəzində qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.
Qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və buna görə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Naftalan ŞİH bu sosial layihəyə 2022-ci ilin iyul ayında start verib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Yevlax, Abşeron, Nizami və Tərtər Rayon İcra Hakimiyyətlərinin birgə reallaşan layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən müalicə-sağlamlıq mərkəzlərində müayinə və müalicə alıblar.