İntiqam Valehoğlu
Mən özüm üçün bir daha təsdiq elədim ki, bizim mətbuatı və medianı ən ucuz şou müğənnisi də aldada bilir. Necə ki, Musayla Təranə bunu bacardılar. Dünənə kimi bu ölkədə onlardan müğənni qismində on nəfər xəbərdar idisə, “ər-arvad”ı “namus raskrutkası”ndan sonra çoxları tanıyacaq. Barışıq xəbəri elan olunandan bəri Facebookda cütlüyə maraqlı təkliflər verənlər də az deyildi. Ən diqqətimi çəkəni isə gənc regissor Anar Məmmədəliyevin yazdıqları idi: “Musa bu gündən varatnikli köynəklər geyinməyə qərar verdi”.
Bu bir sətirlik cümlənin altında nələr var, nələr. Bilənlər bilər, bilməyənlər öyrənər. Lap şeirə oxşadı e, andıra qalmış. İndi də keçək bu “namus raskrutkası”na təkan verənlərə. Bu sırada həmişəki kimi ANS-in “Günəbaxan”ı İlqar Mikayıloğlu ilk sıralarda idi. İki-üç ay camaat deyəndə ki, o boyda zırıltıdan sonra bu hansı üzlə efirə çıxacaq, ailəsi-uşağı var- deyə düşünürdüm. Amma sən demə qarın yağmağı ilə bütün “çatlar örtülübmüş”. Sən demə, 3 aydır mətbuatın gündəmindən düşməyən sabiq deputat bunun bacısı deyilmiş. Mənim üçün fahişəlik qədər böyük əxlaqsızlıq sayılan rüşvət olayına görə həbsə atılan sabiq deputatın qardaşı ayıbına kor olmaq əvəzinə “səbəbkarlar”ı canlı yayıma qoşur. Məgər bu qədər aktual problem idimi? Namussuzluğu təbliğ eləməyə ehtiyac var idimi? Onsuz da olaya Cabbar Musayev ən yaxşı qiyməti vermişdi. Sitat: “Belə qeyrətsiz heç Fransada da yoxdur”.
Şəxsən öz adıma deyirəm ki, bu əxlaqsızlıq barədə 3 xəbər yazmışam və hər üçü də vəziyyəti sakitləşdirməyə cəhd məqsədi daşıyıb. Hər halda saytın arxivində var.
Bilirsiniz aktual problem, maraqlı məqamlar nə vaxt idi? Gülər Əhmədovanın 60 yaşlı kişidən bir milyon dollar alıb onu deputat qoyduracağı ilə bağlı vədlər verəndə. Qoydurdu əlbəttə... Özünü həbsxanaya, o birisini də vətəndən irgah. Belə yerdə qarabağlıların yaxşı bir misalı yadıma düşür. Deyir quyruqlu qoyunsansa, niyə öz aparaturanı qorumursan? Təbii ki, indiki halda aparatura sözünün əvəzinə istənilən kəlməni qoya bilərsiniz.
İndi də gələk səbəbkarlara. Mən hələ də başa düşə bilmirəm ki, bu Musa Musayev dəlidir, yoxsa...? Elə “yoxsa”dır, dəli zad deyil. Adam rəsmən namusuyla özünü raskrutka eləyir. Bir yığın əli qələmli də düşüb bunu dalınca ki, arvadını hansı kişiylə, hansı pozada tutmusan? Bax buna deyirlər ucuz ölüm dərdindən əziyyət çəkmək. Musanı demirəm, sadəcə elə-belə. Söhbətdir də, eliyirik...
Sonda bütün həmkarlarıma səslənirəm. Sabah Təranə hansınızasa zəng vurub desə ki, Musanı evdə hansısa kişi, yaxud qadınla tutmuşam. Qoşalüləni götürüb vurmaq istədim, o da qaçdı qonşuda gizləndi, inanın. Amma yazmayın. Çünki yazılacaq çox şeylər var. Özünüzü belələrinin “namus raskrutkası”nın iştirakçısına çevirməyin.