"Azərbaycan Prezidenti İlham Əliyev 4 may 2026-cı il tarixində Yerevanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşularaq regiondakı sülh prosesinin son vəziyyəti, Avropanın ikili standartları və Azərbaycanın gələcəyə dair planları barədə geniş çıxış etdi. Çıxış diplomatik baxımdan zəngin məzmuna malik olmaqla bərabər, bir sıra açıq tənqidlər də ehtiva edirdi".
Bu sözləri AZXEBER.COM-a Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşularkən səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Deputat qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətindəki ciddi irəliləyişin bariz nümunəsi kimi qiymətləndirilir deyə bildirib:
"Prezident Əliyev ilk öncə 2028-ci ildə "Avropa Siyasi Birliyi" Zirvəsinin Azərbaycanda keçirilməsini rəsmi olaraq elan etdi. O bildirdi ki, bu ideyaya ilk dəfə bir il əvvəl Tiranaya səfəri zamanı Prezident Koşta və Prezident Fon der Lyayenin dəvəti ilə rəy vermişdir. Ermənistanın bu namizədliyi açıq şəkildə dəstəkləməsi isə iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətindəki ciddi irəliləyişin bariz nümunəsi kimi qiymətləndirildi.
Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə imzalanan Birgə Bəyannamə — ABŞ Prezidenti Donald Trampın şahid kimi imza atdığı sənəd — Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsinin rəsmi başlanğıcı oldu. Tərəflərin xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayandan sonra Bakı ardıcıl addımlar atmağa başladı.
Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq olunan bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada ləğv etdi. Bu qərar nəticəsində indiyə qədər Azərbaycan ərazisindən keçərək Ermənistana 28 min ton yük çatdırılıb. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq öz neft məhsullarını — benzin və dizeli — Ermənistana ixrac etməyə başladı; ixrac həcmi artıq 12 min tona çatıb. Prezident Əliyevin sözləri ilə desək, bu addımlar sadəcə siyasi bəyanat deyil, sülhün iqtisadi reallığa çevrilməsinin əyani sübutudur".
Deputat bildirib ki, bu layihə genişmiqyaslı Orta Dəhlizin ayrılmaz hissəsinə çevriləcək:
"Prezident Əliyev sülhün ikinci böyük nailiyyəti kimi infrastruktur bağlantılarını göstərdi. "Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu" adlandırılan layihə Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək. Eyni zamanda bu layihə genişmiqyaslı Orta Dəhlizin ayrılmaz hissəsinə çevriləcək. Belə ki, hər iki ölkə sülhün mücərrəd sözlər yox, konkret iqtisadi faydalar vəd etdiyini öz vətəndaşlarına sərgiləmək imkanı qazanıb.
Azərbaycanın AŞPA-ya münasibəti onillər ərzindən formalaşmışdır. Ölkə 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Əliyev o dönəmi şəxsi kontekstdə xatırlatdı: o vaxt Əliyev özü parlamentin üzvü və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal iştirakçısı idi. 2024-cü ilin yanvarına qədər nümayəndə heyətimizə heç bir məhdudiyyət tətbiq edilməmişdi. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnəamni — otuz ildir kağız üzərində qalan sənədləri — öz gücü ilə icra edərək Qarabağda separatçılığa son qoydu. Cəmi dörd ay sonra, 2024-cü ilin yanvarında, AŞPA Azərbaycan nümayəndə heyətinə sanksiyalar tətbiq etdi.
Avropa Parlamenti məsələsi daha da kəskin təsvir edildi. 2021-ci ilin mayından 2026-cı ilin aprel ayına qədər — yəni beş il ərzində — Avropa Parlamenti Azərbaycana qarşı 14 qətnamə qəbul edib. Ən sonuncusu Zirvə görüşündən cəmi dörd gün əvvəl, aprelin 30-da, açıq-aşkar zaman hesablaması ilə qəbul edildi. Əliyev bu qurumun ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya böhranı, rəqabətçilik kimi fundamental Avropa problemlərini həll etmək əvəzinə, Azərbaycanı hədəfə aldığını bəyan etdi".
Azərbaycan Milli Məclisi mayın 1-də tarixi qərarını qəbul etdi deyən Naqif Həmzəyev bunun prinsipial mövqe olduğunu söyləyib:
"Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlıq dayandırıldı, AB-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsindəki iştirak sonlandırıldı və Avronest Parlament Assambleyasındakı üzvlüyün dayandırılması üçün prosedurlar başladıldı. Prezident Əliyev bu addımı diplomatik geri çəkilmə kimi deyil, prinsipial mövqe kimi təqdim etdi.
Çıxışın yekun hissəsini Prezident Əliyev nikbin ruhda tamamladı. O, Baş nazir Nikol Paşinyanı Zirvənin Ermənistanda keçirilməsi münasibətilə səmimi şəkildə təbrik etdi. Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyindən dönməyəcəyini bir daha bəyan etdi.
Prezident Əliyevin çıxışı üç əsas mesaj üzərində qurulmuşdu: sülhün həm siyasi, həm iqtisadi baxımdan real olduğu, Azərbaycanın Avropa qurumlarının ikili standartlarını qəbul etməyəcəyi, və ölkənin 2028-ci ildə Avropaya öz ərazisini, öz səxavətini açmağa hazır olduğu. Bu mesajlar birlikdə regionun gələcəyinə dair tutarlı bir mövqenin ifadəsidir".
Günel Hüseynli











































