Nar bayramı günü “I love NAR” adlı narın yeni tanıtım loqotipi təqdim ediləcək

GƏNCLİK
16:51 31.10.2014
2446

Nar Azərbaycanın qədim ənənələrə məxsus milli məhsuludu. 

Ölkəmizin tanıdılmasında, adət-ənənələrimizin təbliğ olunmasında nar meyvəsinin rolu ildən-ilə artmaqdadır. Hər il keçirilən nar bayramı ölkəmiz üçün əsl məhsul festivalına çevrilmiş və nəinki bütün ölkə ərazisində, hətta ölkə hüdudlarından kənarda da nar bayramının əks sədası gəlməkdədir. Bakı 2015-ci Avropa Oyunlarının loqotipinin od, simurq quşu və bayrağımızın rənglərindən formalaşan nar rəsmi bu meyvənin ölkəmizdə nə qədər önəmli bir meyvə olmasına işarədir.

Ənənəvi Nar Bayramı hər il olduğu kimi 1 noyabr tarixində Göyçay rayonunda qeyd olunacaq. Artıq bir neçə ildir ki, geniş ictimaiyyətin iştirakı ilə keçirilən nar bayramında xarici qonaqlar, Millət vəkilləri, icra başçıları, yerli və xarici iş adamları, xarici ölkələrin Azərbaycandakı səfirləri möhtəşəm bayramı görmək üçün Göyçay rayonuna təşrif buyururlar.

Nar meyvəsinin Azərbaycanda qədim ənənələrinin olduğunu və beynəlxalq səviyyədə təbliğ etməyi təmsil etdiyim təşkilat “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi qarşısına məqsəd qoymuşdu. Bununla əlaqədar 2009-cu idən təşkilatımız Nar Bayramlarında fəal iştirak edərək maraqlı fəaliyyətlər həyata keçirir. 2014-cü ilin 18-25 aprel tarixlərində Avropa Komissiyasının Gənclər Fəaliyyətdə proqramının və Gənclər və İdman nazirliyinin dəstəyi ilə Bakı şəhərində “Nar gənclik meyvəsi kimi” adlı layihəni həyata keçirilmişdir. 

Bu layihə çərçivəsində 6 Avropa ölkəsindən gənclər təşkilatları iştirak edərək həm ölkəmizin tarixi, mədəniyyəti haqqında tanış olmuş, həm də Nar bayramı və bayramda təşkil olunan fəaliyyətlərlə bağlı onlara məlumat verilərək maraqlı tədbirlər təşkil edilmişdir.

Qeyd etmək istərdik ki, bu il təşkilatımız 1 noyabr tarixində qeyd olunacaq Nar bayramında “I love NAR” (Mən narı sevirəm) sloqanlı Göyçay narının yeni tanıtım və turizm loqotipini təqdim edəcəkdir. Məqsəd Azərbaycanı, narı beynəlxalq səviyyədə tanıtmaq və Nar bayramına diqqəti artırmaqdı. Üzərində loqo olan köynəklər bayram günü nar bayramı iştirakçılarına təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR