'Nar Mobile' artıq səmada da müştərilərinə xidmət verəcək - FOTOLAR

Bütün Xəbərlər
15:05 03.04.2012
1486

“Nar Mobile”, “OnAir” və “AZAL” şirkətləri müştərək müqavilə imzaladılar

AZXEBER.COM-un məlumatına görə, aprel ayının 3-də Hilton mehmanxanasında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “Azerfon” telekommunikasiya şirkəti, Azərbaycan Hava Yolları (AZAL), və İsveçrənin “OnAir” şirkəti tərəfindən həyata keçirilən birgə layihənin başlanmasını elan edilib. Bu layihə çərçivəsində “Azerfon” (Nar Mobile) AZAL–a məxsus təyyarələrdə rabitə xidmətlərinin tam çeşidini sərnişinlərə təqdim edəcəkdir. Layihənin həyata keçirilməsi artıq başlayıb və ilkin mərhələdə, 2012-ci ildə AZAL-ın 12 təyyarəsində xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya uyğundur.

“Bildiyiniz kimi, “OnAir” şirkəti dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərinin göstərilməsini təşkil edən yeganə şirkətdir. Hazırda, təyyarələrdə mobil rabitə Amsterdamda yerləşən yerüstü rabitə stansiyası vasitəsi ilə həyata keçirilir. MDB ölkələri arasında regionun inkişaf tendensiyasını və gələcəyə baxış istiqamətlərini nəzərə alaraq, yaxın gələcəkdə biz, “Azerfon” şirkətinin dəstəyi ilə digər MDB ölkələrinə uçuş zamanı mobil rabitə xidmətlərinin göstərilməsini mümkün edən peyklərdən alınan trafiki həmin ölkələrə ötürəcək ikinci yerüstü stansiyanın Bakıda quraşdırılmasını planlaşdırırıq. Azərbaycanın İKT-nin inkişaf səviyyəsinə görə regionun qabaqcıl ölkələrindən biri olduğunu və “Azerfon”-un Azərbaycanda innovativ texnologiyaları tətbiq etmək marağını nəzərə alaraq, biz Azərbaycanda məhz “Azerfon” və AZAL ilə əməkdaşlıq etməyə başladıq. Məmnunluqla bildirirəm ki, bu layihə yaxın bir zamanda öz nəticələrini verəcək və artıq Azərbaycan vətəndaşları da təyyarədə olarkən rabitə xidmətlərindən istifadə etməyə başlayacaqlar.” – deyə “OnAir” şirkətinin Baş İcraçı Direktoru Yan Dokins bildirmişdir.

Tədbirdə çıxış edən AZAL-ın Vitse-prezidenti Eldar Hacıyev təyyarələrdə rabitə xidmətin göstərilməsindən və məhz “Azerfon” (Nar Mobile) şirkəti ilə əməkdaşlıq etdiyi üçün şad olduğunu bildirib. “Bu gün Azərbaycan hava sərnişin daşımaların tarixində və İKT sahəsində mühüm hadisələr ilə yadda qalacaq. İlk öncə, bu razılaşmaya əsaslanaraq, AZAL şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq, səmada rabitə xidmətlərinin tam çeşidini göstərərək digər bir yeniliyə imza atmış olur.” – deyə AZAL-ın vitse-prezidenti bildirmişdir.

“Bu bizim abunəçilərimiz üçün göstərdiyimiz yüksək xidmətin göstəricisi və bütövlükdə, Azərbaycan üçün İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində irəliyə doğru atılan çox böyük bir addımdır. Artıq sərnişinlər AZAL-ın təyyarələrində mobil xidmətlərdən istifadə edəcək və bu xidmətlərin göstərilməsi hüququ yalnız Azerfon (Nar Mobile) şirkətinə məxsus olacaqdır. Səmada olduğumuz anda belə abunəçilərimizə tam mobil rabitə xidməti göstəriləcəkdir. Xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxil olma kimi digər funksiyalar daxildir. Səmada mobil rabitədən istifadə təyyarənin qalxması və enməsini istisna edərək, bütün uçuş boyu mümkün olacaqdır,” – sözlərini Azerfon şirkətinin Baş Direktoru Yurqen Pits şərh edərkən bildirmişdir.

Qeyd edək ki, “Nar Mobile” brendi ilə ilə tanınan “Azerfon” şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır və hazırda, bu şirkət ölkənin rabitəsində ən ucuz qiymətləri təklif edən innovativ mobil operatorudur. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-i əhatə etməklə yanaşı, şirkət yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkədə ən mükəmməl 3G texnologiyasına əsaslanan xidmətləri təklif edir.

OXŞAR XƏBƏRLƏR