Tərəflər əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar
“Nar Mobile” ticarət nişanı ilə fəaliyyət göstərən “Azerfon” şirkəti və “Bakı Taksi” MMC arasında anlaşma memorandumu imzalanıb. 2 oktyabr 2014-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, “Azerfon” şirkəti” mövcud telekommunikasiya bazarı şəraitini, həmçinin gələcək tərəfdaşlıq perspektivlərini nəzərə alaraq, “Bakı Taksi” MMC-nin əməkdaşlarını GSM mobil rabitə xidməti, “mi-fi” mobil İnternet xidməti və müştərək marketinq xidməti ilə təmin edəcək. Razılaşmaya görə, müştəriyönümlü yardım təmin etməklə, “Azerfon” şirkəti “Bakı Taksi” üçün ilkin məsləhətçi, eləcə də etibarlı və strateji tərəfdaş şəklində çıxış edəcək, mobil texnologiyalara, bu sahədə innovasiya və yeniliklərə dair öz məsləhət xidmətini göstərəcək.
Azərbaycan paytaxtının yeni simvollarından birinə çevrilmiş “Bakı Taksi” ilə imzalanmış bu razılaşmadan məmnun qalan “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, şəhər sakinləri və qonaqları keyfiyyətli taksi xidməti ilə təmin edən “Bakı Taksi” MMC-nin fəaliyyətini yüksək qiymətləndirmiş, gələcəkdə müxtəlif sahələrdəki geniş əməkdaşlığın təməlinin məhz bu gün qoyulduğunu xüsusi qeyd etmişdir.
“Bakı Taksi” MMC-nin baş direktoru Səid Hüseynov isə, öz növbəsində, qısa müddətdə inkişaf etmış, abunəçilərin rəğbətini qazanmış və yerli bazarda özünəməxsus yer tutmuş “Nar Mobile” ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.
|