İlk dəfə Azərbaycana səfər edən NATO-nun baş katibi Anders Foq Rasmussen prezident İlham Əliyevlə görüşüb. Görüşdən sonra prezident İlham Əliyev və Anders Foq Rasmussen mətbuata açıqlama veriblər. Mətbuat konfransında Azərbaycanın alyans üçün əhəmiyyətli ölkə olduğunu deyən Anders Foq Rasmussen xüsusilə Əfqanıstandakı əməliyyatlarda Azərbaycanın həm siyasi, həm də hərbi və maliyyə dəstəyini yüksək qiymətləndirdiyini bildirib.
Baş katib Dağlıq Qarabağ münaqişəsinin həllində NATO-nun mövqeyini də açıqlayıb. O qeyd edib ki, lokal vəziyyətdən danışarkən burada gərginliyin azaldılmasına, əməkdaşlığın genişləndirilməsinə və gücləndirilməsinə çox ehtiyac var: “Mən vəziyyətdən çox narahatam. NATO münaqişənin həlli ilə bağlı mövqeyini Çikaqo sammitində bildirib. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edirik. NATO münaqişənin həllində birbaşa iştirak edən təşkilat deyil. Amma biz Minsk qrupunun səylərini dəstəkləyirik”.
NATO baş katibi ilə hərbi əməkdaşlıq, enerji təhlükəsizliyi, TANAP layihəsi, regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli kimi məsələləri müzakirə etdiklərini deyən prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəyini bildirib. Dövlət başçısı Azərbaycan zabiti Ramil Səfəroun əfv edilməsi məsələsinə də toxunub və Ermənistanın qaldırdığı səs-küyün əsassız olduğunu deyib.
“Ramil Səfərovun ekstradisiyası Avropa konvensiyasına uyğun olaraq həyata keçirilib. Və onun prezident tərəfindən əfv edilməsi Azərbaycan konstitusiyasına uyğundur. Hüquqi nöqteyi-nəzərdən hər şey aydındır. Azərbaycanın konvensiyaları pozduğunu deyənlər ya reallığı görmürlər, ya da ictimai rəyi çaşdırmaq istəyirlər. Bir də onu demək istərdim ki, Ermənistan bu imkandan sülh danışıqlarına zərbə vasitəsi kimi istifadə etməməlidir”.
Prezident deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir və Minsk qrupu həmsədrlərinin bəyanatında da deyildiyi kimi mövcud status-kvo dəyişməlidir: “Ermənistan status-kvonun saxlanılmasına çalışır. Münaqişənin həllinin tapılması üçün iyunda Kazanda edilən cəhddən sonra danışıqlar staqnasiya mərhələsindədir. Beynəlxalq ictimaiyyət, ilk növbədə isə Minsk qrupu Ermənistanın bu məsələdən sülh prosesini pozmaq vasitəsi kimi istifadə etməyinə imkan verməməlidir”.
Dövlət başçısı 2001-ci ildə Parisin Orli hava limanında çoxlu sayda insanın ölümünə səbəb olan terror aktını törətmiş bir erməninin Ermənistan vətəndaşı olmamasına baxmayaraq, Fransadan Ermənistana ekstradisiya olunduğunu və dərhal Ermənistan prezidenti tərəfindən əfv edildiyini də xatırladıb. “Mən bizim zabitimizlə terrorçu arasında paralel aparmaq istəmirəm, amma bizim zabitimiz artıq 9 il həbsdə olub, cəzasını çəkib. Onun əfvi hüquqi baxımdan düzgündür və qərarı prezident verib. Azərbaycan öz zabitini vətənə qaytardı”.
Qeyd edək ki, NATO-nun baş katibi artıq Azərbaycana səfərini başa vurub.