Biz Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq artıq 28 ildir ki, fəaliyyət göstəririk və ölkənin aparıcı gənclər təsisatlarından biriyik. Bu ad bizim üzərimizə istər yerli, istərsə də beynəlxalq səviyyədə gənclərin və gənclər təşkilatlarının potensiallarının inkişafı baxımından sözün yaxşı mənasında məsuliyyət qoyur. Çünki biz fərqindəyik ki, müəyyən zamandan sonra məhz gənclər öz dövlətinin daxili inkişafını və xarici siyasət vektorunu müəyyən edən gələcək nəsilin əsas hissəsinə çevriləcək potensialdır. Ona görə elə Dövlət Başçımız tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir ki, gənclər və gənclər təşkilatlarına olan diqqət, qayğı günbəgün artır. Ümumiyyətlə dünya praktikasına nəzər salsaq müşahidə edərik ki, fəal şəkildə inkişaf etməkdə olan dövlətlərin inkişaf strategiyasında gənclərə geniş imkanlar yaradılır.
Hazırda NAYORA öz çətiri altında 150 gənclər təşkilatını birləşdirir və həmin təşkilatlar arasında beynəlxalq platformalı təşkilatlar da var. Həmin təşkilatların Baş ofisləri dünyanın müxtəlif ölkələrində yerləşməkdədir. Milli Şura olaraq bu təşkilatlarla birlikdə hər zaman beynəlxalq əlaqələrimizin genişlənməsinə, inkişafına, beynəlxalq donorlarla daim aktiv fəaliyyətə önəm veririk və bacardığımız qədər beynəlxalq səfər və görüşlərdə iştirak edirik. Qısa statistikanı təqdim etsəm əgər, cari ilin avqust ayına qədər 10-dan çox beynəlxalq səfərdə iştirak etmişik. Amerika Birləşmiş Ştatları, Almaniya, Belçika, Finlandiya Ruminya, Fransa, Türkiyə bu ölkələr sırasına daxildir.
Bu cür fəaliyyətlərin bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq təmsilçiliyimiz inkişaf edir, digər ölkə gəncləri ilə əlaqələrimiz yaranır, müxtəlif ölkələrin gənclər təşkilatları ilə təcrübə mübadiləsi aparırıq. Bu hal isə bizə zaman keçdikcə formalaşan böyük şəbəkənin imkanlarından yararlanmaq fürsəti verir, həmçinin haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında geniş pəncərə açır.
Qeyd edim ki, beynəlxalq əlaqələrin gənclər və gənclər təşkilatları üçün önəmi nəzərə alınaraq NAYORA tərəfindən avqust ayı "Beynəlxalq Fəaliyyətlər ayı” elan edilib və davamlı layihələr, görüşlər, səfərlərlə yadda qalıb. Bu fəaliyyətlər haqqında qısa məlumat vermək istəyirəm. Beləki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində Menecerlərin İnkişaf Proqramı çərçivəsində gənclər təşkilatlarının layihə menecerləri üçün 3 fazadan ibarət silsilə formatda təkmilləşdirmə təlimləri baş tutub. Ümumilikdə 80-ə yaxın gəncin iştirak etdiyi layihənin təlimləri beynəlxalq sertifikatlı, peşəkar təlimçilər tərəfindən keçirilib. Daha bir tədbirimiz ADA Universitetində "Uğurlu beynəlxalq təmsilçilikdə etik normalar və tərəfdaşlıqların qurulması” mövzusunda 40-dan çox gəncin iştirakı ilə baş tutub. Görüşdə beynəlxalq səfərlərdə ölkəmizi təmsil etmək üçün tərəfimizdən göndərilən gənclər, həmçinin təşkilat nümayəndələri çıxış edərək öz təəssüratlarını, yadda qalan məqamları iştirakçılarla bölüşüblər.
Region gənclərini də diqqətdə saxlamaq məqsədi ilə daima çalışırıq ki, fəaliyyətlərimizin bir qismini regionlarda həyata keçirək. Belə fəaliyyətlərdən biri Avropa Gənclər Fondunun dəstəyi ilə Mingəçevir, Lənkəran şəhərləri və ətraf rayonlarının gəncləri üçün keçirdiyimiz "Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsidir. Layihə çərçivəsində hər iki rayondan ümumilikdə 40 gənc təlimlərdə iştirak edib. Həmin gənclər isə 10 şəhər/rayonda davamlılıq layihələri keçirərək 200-dən çox gənci öz fəaliyyətlərinə cəlb ediblər. Daha bir beynəlxalq istiqamətli regionda həyata keçirilən layihəmiz "Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” mövzusunda Şamaxıda 45 gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə keçirildi.
Məlumat üçün qeyd etmək istəyərəm ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ən bariz nümunələrindən biri 2 Fevral Gənclər Gününün elan edilməsi ilə bağlı sərəncam idi. Hər il, 2 Fevral tarixi gənclər üçün irimiqyaslı tədbirlər, forumlar, görüş və layihələrlə yadda qalır. Onu da qeyd edim ki, milli gənclər günü olduğu kimi, dünya təqvimində beynəlxalq gənclər günü də var və hər il 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə də bir çox fəaliyyətlərimiz keçirilir. Çalışırıq ki, həmin tədbirlərə ölkəmizdə yaşayan və təhsil alan əcnəbi gəncləri, həmçinin təşkilat nümayəndələrini cəlb edək. Bu il miqyası biraz daha geniş tutaraq 150-dən çox gənclə birlikdə "Youthland23” tədbirini həyata keçirdik.
Fikirlərimdə sona doğru yaxınlaşarkən sentyabr ayında keçiriləcək "Milli Şuraların Bacarıqlarının İnkişaf Etdirilməsi Seminarı”ı haqqında da məlumat vermək istəyərəm. Bakı şəhərində keçiriləcək layihədə Azərbaycan, Belarusiya, Danimarka, Gürcüstan, Moldova və Ukrayna Milli Şuralarının və üzv təşkilatların nümayəndələrindən ibarət gənclər iştirak edəcək. Maliyyə menecmenti və Fandreyzinq, Strategiya, Təşkilati davamlılıq və risklərin idarə edilməsi kimi mövzular əsas təlim mövzuları olacaq.
Bu gün mən qətiyyətlə deyə bilərəm ki, gənclər və gənclər təşkilatları olaraq Prezident Cənab İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasəti dəstəkləyir, fəaliyyətlərimizi daima dövlətimizin maraqları istiqamətində həyata keçiririk və bundan sonra da layiqincə davam edəcəyik.