Nazim İbrahimov Cənubi Qafqaz Forumu ilə bağlı müzakirələr aparıb

Nazim İbrahimov Cənubi Qafqaz Forumu ilə bağlı müzakirələr aparıb
Bütün Xəbərlər
14:35 10.04.2013
735

Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun toplantısı çərçivəsində Yunanıstanın sabiq xarici işlər naziri, millət vəkili Dora Bakoyannislə görüş keçirib.

Komitədən AZXEBER.COM-a bildiriblər ki, görüşdə bir sıra məsələlərlə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid klubunun mayın 6-8-də Bakıda keçirəcəyi Cənubi Qafqaz Forumu əsas müzakirə mövzusu olub.

Bu istiqamətdə fikir mübadiləsi aparılıb. D. Bakoyannis bu toplantının Şərqlə Qərb arasında bir körpü rolu oynayacağını, mədəniyyətlər və dinlər arasında dialoqun inkişafında xüsusi əhəmiyyət daşıyacağını bildirib.

Qeyd edək ki, 2009-cu ildə isə ATƏT-ə rəhbərliyi zamanı Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün aktivlik göstərən D. Bakoyannis Cənubi Qafqaz Forumunda münaqişələrə dair plenar iclasa sədrlik edəcək.

Xatırladaq ki, Cənubi Qafqaz Forumunda dünyanın 50-dən çox ölkəsindən 30-dan artıq sabiq ölkə və hökumət rəhbəri, 200-dən çox dünyanın nüfuzlu elm adamı, strateqlər iştirak edəcəklər.

Forumun təşkilinə İsgəndəriyyə Kitabxanası, Fundacion de Paz, Roma Klubu, Gəncə Şəhər İcra hakimiyyəti və bir sıra digər nüfuzlu qurumlar da dəstək göstərir.

OXŞAR XƏBƏRLƏR