Gürcüstanda yaşayan ermənilərin Tiflisdə Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən "Ayartun" Mədəniyyət Mərkəzinin Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü "Şuşanın azadlığı günü" kimi bayram etmək məqsədilə mayın 9-da təşkil etdiyi tədbir Azərbaycanla Gürcüstan arasında tarixi köklərə, ortaq iqtisadi və geosiyasi maraqlara söykənən strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş növbəti təxribatdır.
AZXEBER.COM məlumatına görə, bunu mətbuata açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Komitə sədri qeyd edib ki, belə addımlar iki ölkə arasında gərginlik yaratmaq məqsədilə atılır: "Biz erməni icmasının 9 may - Qələbə günü adı altında belə bir tədbir təşkil etməsinin əsl məqsədinin iki ölkə arasında gərginlik yaratmaq olduğunu aydın başa düşürük. Eyni zamanda hesab edirik ki, Gürcüstanın paytaxtında Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı gününün bayram kimi qeyd edilməsinə şərait yaradılması heç bir halda təqdir oluna bilməz. Xüsusilə də ona görə ki, Gürcüstan özü də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir". N.İbrahimov deyib ki, ölkələrimizin müstəqillik tarixi ərzində Azərbaycan dəfələrlə ən çətin vaxtlarında Gürcüstanın yanında olub, strateji tərəfdaşlığa xələl gətirəcək heç bir addım atmayıb: "Eyni münasibəti qarşı tərəfdən də gözləməyə haqqımız çatır. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmanı da olduqca məyus edib və onlar da öz münasibətlərini bildiriblər. Biz də məsələ ilə bağlı narahatlığımızı Gürcüstanın müvafiq dövlət orqanlarının rəhbərlərinə çatdırmışıq. İnanırıq ki, Gürcüstan tərəfi bu narahatlığımızı başa düşəcək və nəzərə alacaq".