“Onların qanunsuz əməllərini gördüyüm üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə də müraciət etmişəm”.
Bu sözləri AZXEBER.COM-a yazdığı məktubda Sumqayıt Dövlət Musiqili Dram teatrının səs rejissoru vəzifəsində çalışan Anar Süleymanov adlı şikayətçi bildirib. Onun sözlərinə görə, çalışdığı teatrda bir sıra maliyyə maxinasiyaları aparılır və bu birbaşa teatrın direktoru tərəfindən icra edilir:
“Mən Süleymanov Anar Sumqayıt Dövlət Musiqili Dram teatrında səs rejissoru vəzifəsində çalışıram. Sizə məlumat vermək istəyirəm ki, mən həmin teatrda hal-hazırda direktor vəzifəsində çalışan Mehman Şükürovu mənə qarşı qanunsuz hərəkətlərinə görə məhkəməyə vermişəm. Bundan əlavə teatrın direktoru vəzifəsində çalışan Mehman Şükürovun qanunsuz əməllərini gördüyüm üçün Baş Prokurorluğa da müraciət etmişəm. Bu müraciətlərin ardından Mədəniyyət və Turizm nazirliyi bütün bu şikayətləri nəzərə alıb, teatrda müəyyən araşdırmalara başladı. Və nəticə olaraq teatrın direktoru Mehman Şükürova töhmət verildi. Eyni zamanda teatrın müavini Vidadi Məmmədov və teatrın baş rejissoru Firudin Məhərrəmova xəbərdarlıq edildi”.
Məsələni araşdırmaq üçün AZXEBER.COM portalı olaraq şikayətçi Anar Süleymanovla yenidən əlaqə saxladıq.
A.Süleymanov məktubda qeyd olunan bütün yazdıqlarını təsdiqləyib və teatrda bəzi maliyyə maxinasiyalarının olduğunu deyib:
“Teatrda bəzi maliyyə maxinasiyaları mövcuddur. Məsələ burasındadır ki, teatrda 20-yə yaxın işçi var ki, onları heç kəs görməyib. Teatrın direktoru bununla onların maaşını özü alır və qeyri-qanuni gəlir əldə edir”.
Sözügedən şikayətlə bağlı AZXEBER.COM portalı Sumqayıt Dövlət Musiqili Dram teatrının direktoru vəzifəsində çalışan Mehman Şükürovla əlaqə saxlayıb. Məsələyə münasibət bildirən direktor, teatrda hazırda bütün işlərin qaydasında olduğunu və səslənin iddiaların əsassız olduğunu deyib:
“Anar bizimlə bağlı nazirliyə müraciət etmişdi. Müraciətə nazirlik baxandan sonra, araşdırma aparıb və bütün lazımi tədbirləri görüb. Hazırda o iddia edir ki, guya teatr rəhbərliyi ona qarşı təxribat hazırlayır. Amma bunların hamısı əsassız iddialardır. Biz məsələni yekunlaşdırmışıq. İndi teatrın işləri ilə məşğuluq. İşçilərlə bağlı irəli sürülən iddiaya gəldikdə isə, bunların hamısı cəfəngiyatdır. Gəlib özünüz də işçilərin sənədlərinə baxa bilərsiniz”.
Qeyd edək ki, Mədəniyyət naziri Əbülfəz Qarayev Sumqayıt Dövlət Musiqili Dram teatrının fəaliyyətində olan nöqsanlarla bağlı 13.12.2013-cü il tarixində 595 N-li əmr imzalayıb. Əmrə görə şikayətçinin bildirdiyi kimi, teatrda olan qanun pozuntularına və durğun fəaliyyətə görə teatrın direktoru Mehman Şükürova töhmət verilib.
AZXEBER.COM