Sentyabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində «Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü: Azərbaycanda əhalinin sosial müdafiəsinin inkişafı» mövzusunda dəyirmi masa keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dəyirmi masanı nazirliyin Aparat rəhbərinin müavini Elnur Kələntərov açıb. O, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışaraq bildirib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
Tədbirdə bildirilib ki, son 7 ildə pensiya və müavinətlərin məbləği dəfələrlə artırılıb, yeni iş yerlərinin sayı 1 milyonu ötüb, işsizlik səviyyəsi 6 faizədək azalıb, orta əmək haqqı 350 manatı ötüb, yoxsulluq səviyyəsi 9 faizədək enib. Dəyirmi Masa iştirakçıları həmçinin qeyd ediblər ki, artıq 5 ildən çoxdur ki, ölkədə ünvanlı dövlət sosial yardımı proqramı icra olunur və hazırda 130 minə yaxın ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ötən müddətdə isə ehtiyac meyarının həddi 30 manatdan 75 manata qaldırılıb ki, bu da 2,5 dəfə artım deməkdir. 1997-2011-ci ilin I rübü ərzində 4 mindən çox ailə mənzillə təmin olunub, 3 minə yaxın minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib.
Tədbirdə həmçinin vətəndaş cəmiyyəti institutlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Dəyirmi masada müstəqil Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndilməsi istiqamətində keçdiyi yola nəzər salınıb, sosial müdafiə sahəsində əldə olunan təcrübə geniş təhlil olunub.