Nazirlik gənc sahibkarlar üçün yeni imkanlar yaradır

GƏNCLİK
12:46 09.03.2012
1709

“Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq proqram üzrə “SİFE SİLK ROAD” liderlərin beynəlxalq konfransına 11 mart tarixindən Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində start veriləcək.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, “SİFE SİLK ROAD” liderlərin beynəlxalq konfransında Rusiya, Azərbaycan, Qazaxstan, Qırğızstan və Tacikistan komandaları, o cümlədən “SİFE Worldwide” beynəlxalq təşkilatının prezidenti Elvin Rohrs və onun müavinlərinin iştirakı nəzərdə tutulub.

Beynəlxalq konfrans çərçivəsində region ölkələrini təmsil edən tələbə komandaları həyata keçirilən layihələrə dair təqdimatlar aparacaq və SİFE proqramının qlobal prioritet istiqamətləri üzrə birgə layihələrin hazırlanması üzərində çalışacaqlar. Konfrans zamanı “Biznes liderlərin gənclərlə görüşü” forumu keçiriləcək və müzakirə olunacaq əsas mövzu gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluq imkanlarının artırılması olacaqdır. Tədbirin yekun günündə region ölkələrini təmsil edən 20 ali təhsil məktəbinin SİFE komandaları öz aralarında əməkdaşlıq haqqında memorandum imzalayacaqlar.

“SİFE” dünyanın 39 ölkəsinin 1600 universitetini və 50.000-dən artıq tələbəsini özündə birləşdirən beynəlxalq proqramdır. SİFE proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuş və 1996-cı ildən bir çox ölkələrdə proqram üzrə milli yarışların keçirilməsinə başlanılmışdır. Proqram üzrə Dünya Kuboku yarışları 2001-ci ildən keçirilirvə Azərbaycan komandaları 2006-cı ildən bu yarışlarda iştirak etməkdədir.

SİFE proqramı üzrə yarışların keçirilməsində əsas məqsəd sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildiririk ki, beynəlxalq konfransın açılış mərasimi 12 mart 2012-ci il tarixdə saat 10:00-da Avropa otelinin “Bakı ballroom” zalında keçiriləcəkdir. SİFE proqramı haqqında ətraflı məlumatıwww.sife.org internet sytından əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR