Nazirlik uşaqlara ad qoyulması ilə bağlı əhaliyə tövsiyə verdi

Nazirlik uşaqlara ad qoyulması ilə bağlı əhaliyə tövsiyə verdi
Bütün Xəbərlər
12:20 03.04.2012
1257

Azərbaycan Ədliyyə Nazirliyi yeni doğulan uşaqlara ad qoyarkən milli adlara üstünlük verilməsini tövsiyə edir.Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov Trend-ə bildirib ki, valideynlər uşaqlara ad qoyan zaman Azərbaycan dilinin böyük izahlı onomostik lüğətindən istifadə edərək ad seçimi edə bilərlər.Onun sözlərinə görə, həmin lüğətdə hər bir adın mənası, hansı dildən götürülməsi, yeni və ya arxaik olması barədə məlumatlar qeyd olunub."Yaxşı olar ki, valideynlər övladlarına ad qoyarkən bu lüğətdən istifadə etsinlər, milli adlarımıza üstünlük versinlər. Hər bir valideyn elə ad seçməlidir ki, həmin ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın, həmçinin daşıdığı ada görə onun xəcalət çəkməsinə səbəb olmasın", - Solatnov deyib.İdarə rəisinin sözlərinə görə, valideynlər tərəfindən övladlara gülüş doğuran, çətin tələffüz olunan adların qoyulması ilə bağlı müraciətlər çox olur.Bu halda valideynlərlə söhbətlər aparılır və yanlış ad seçimi etdikləri izah olunur."Valideynlərə dəfələrlə izah edirik ki, bu adlar bizə yaraşmır. Övladlarına belə adların qoyulması gələcəkdə həmin uşaq üçün problemlər yaradacaq. Bu ada görə ona güləcəklər, lağ edəcəklər. Bəzən valideynlər bizim fikirlərimizlə razılaşmır və istədikləri adı qoymaqda israr edirlər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrində mümkün qədər belə adların verilməməsinə çalışırıq. Bu, çox hallarda vətəndaşların narazılığına səbəb olur. Hüquqlarının pozulduğunu iddia edirlər", - Soltanov vurğulayıb.İdarə rəisi deyir ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir."Bu halda valideynlər məhkəməyə müraciət edir və istədikləri adı qoymaq istəyirlər. Bir neçə il əvvəl Səddam Hüseyn adının qoyulması üçün bizi məhkəməyə də vermişdirlər", - Soltanov qeyd edib.O, son illər vətəndaşlar tərəfindən xarici teleseriallardakı adlara üstünlük verildiyindən narazılıq bildirib."Bu yaxınlarda bir nəfər müraciət edərək Hindistan teleserialında sevdiyi personajın adını bacısı qızına qoymaq istədi. Uşağın adını Suşila qoymaq istəyirdi. Uşaqlarına xarici adlar qoymaq istəyənlər çoxdur. Bunlar daha çox xarici ölkələrlə əlaqəsi olanlar, orada müvəqqəti yaşayanlardır", - nazirlik rəsmisi deyib.Soltanov uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adların qoyulmasını bəzi vətəndaşların savadsızlığı, əvvəllər belə adların qoyulması ilə bağlı heç bir məhdudiyyətin olmaması ilə əlaqələndirir.Xatırladaq ki, ötən il Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə qərar verib.

Həmin qaydalara görə, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir.

OXŞAR XƏBƏRLƏR