Nazirlik Vətən müharibəsi iştirakçısı və qazilərlə görüş keçirdi

Nazirlik Vətən müharibəsi iştirakçısı və qazilərlə görüş keçirdi
SOSİAL
13:01 06.11.2026
39
Noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda çalışan Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşlarla görüşüb.

Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Anar Xələfov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Niftalı Qasımlı və həmin sektorun əməkdaşı, Vətən müharibəsi iştirakçısı Cavidan Gözəlov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Elsevər Salayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Layihələrin idarəolunması və dəstək şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı və qazisi Ayaz Əfəndiyev iştirak ediblər.

Görüşdə nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, ölkənin iqtisadi potensialının gücləndirilməsi, ordunun müasir texnologiyalarla təchiz edilməsi, xalqımızın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində mümkün olduğunu bildirib. O, Vətən müharibəsində iştirak edən əməkdaşların göstərdikləri şücaət və fədakarlığı yüksək qiymətləndirərək onların şərəfli tariximizin bir parçası olduğunu vurğulayıb.

Nazir müavini Azərbaycanın daha da güclənməsi və müasir çağırışlara hazır olması baxımından süni intellekt və innovasiyaların imkanlarından səmərəli istifadənin, gənclərin gələcəyin tələblərinə uyğun hazırlanmasının əhəmiyyətini vurğulayıb, təhsilin sağlam, bilikli və vətənpərvər nəslin yetişdirilməsində, ölkənin gələcək inkişafında mühüm rol oynadığını bildirib.

Nazir müavini çıxışının sonunda Vətənin müdafiəsində iştirak edən əməkdaşlara bir daha təşəkkürünü bildirib.

Görüş zamanı müharibə iştirakçılarının keçdikləri döyüş yolu, xatirələri və müharibədən sonrakı fəaliyyətləri barədə fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Vətən müharibəsi iştirakçılarına göstərdikləri qəhrəmanlığa və ölkəmizin ərazi bütövlüyü uğrunda xidmətlərinə görə təşəkkür bildirilib, onlara fəaliyyətlərində uğurlar arzulanıb.
OXŞAR XƏBƏRLƏR