Nazirlikdən xəbərdarlıq: bu gün saat 11.00-dan-17.00-dək açıq havada qalmaq təhlükəlidir
MARAQLI
06:19 29.07.2011
1771
Bu gün Bakıda və Abşeron yarımadasında 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti olacaq. Rayonlarda isə 40 - 43 dərəcə isti gözlənilir. Nazirlik bəyan edib ki, avqust ayının 3-dək kəskin isti hava şəraiti davam edəcək. Bu müddətdə temperaturun Bakıda 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Günün qızmar vaxtı əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq məsləhət görülmür. Son bir neçə gündə günvurma və istivurmaya məruz qalanların sayı çoxalıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov əhaliyə xəbərdarlıq edib ki, günvurmadan qorunmaq üçün səhər saat 11.00-dan axşam saat 17.00-dək açıq havada qalmaq olmaz. Bu günədək Bakıda günvurma ilə bağlı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 70 nəfəri ötüb.
Mütəxəssilər deyirlər ki, son dövrlər planetdə baş verən qlobal istiləşmə diqqəti cəlb edən mühüm problemə çevrilib. Havaların kəskin istiləşməsi insanların sağlamlığına birbaşa təsir edən faktordur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər havanın hərarətinin yüksək olması bir sıra xəstəliklərin yaranmasına və kəskinləşməsinə, günvurmaya səbəb olur.
Ölkəmizdə açıq şəraitdə, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Onlar günün ən qızmar çağlarında belə yol çəkir, asfalt döşəyir, körpü tikir, daş qaldırır, beton tökür, tarlada çalışırlar. Temperatur hətta 40 dərəcəyə çatanda da açıq havada işləyənlərə güzəşt edilmir.
Azərbaycanda əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır. Əmək Məcəlləsinə əsasən iş rejimi temperatur yalnız 41 dərəcəyə çatanda dayandırıla bilər. Söhbət süni yolla soyudulması mümkün olmayan yerlərdə, açıq hava altındakı iş yerlərindən gedir. Açıq havada qızmar Günəş altında çalışmaq işçilərin günvurmaya məruz qalma riskini artırır ki, nəticədə də onlar uzun müddətli əmək qabiliyyətini itirə, hətta həyatlarını itirə bilərlər.
Qeyd edək ki, Avropa regionuna daxil olan Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniyada, bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə insanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki, iş rejimi dəyişdirilir. Belə ki, yayda həmin ölkələrdə iş saatı səhər saat 7.00-da başlayır, gündüz saat 11.00-dan 17.00-dək böyük fasilə verilir, fasilədən sonra isə iş rejimi axşam saat 22.00-dək davam edir. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda temperatur göstəricisi 38 dərəcəni ötəndə həmin iş rejimini tətbiq etmək yaxşı olar.
Maraqlıdır ki, 15-20 il öncə də Azərbaycanda yayda temperaturun bəzən 40 dərəcəyə çatdığı günlər olub. Amma o zaman istidən zərərçəkənlər indiki qədər olmayıb.
Həkim-kardioloq Samir Nəcəfovun sözlərinə görə, həmin dövrlərdə temperatur yüksək olsa da, istinin mənfi təsiri indiki qədər deyildi: «Günəş şüasındakı radiasiyasının insanlara təsirində dəyşiklik baş verib. Həmçinin insanlarda immun sisteminin aktivliyi bir qədər aşağı düşüb, istinin təsirinə qarşı dözümlülük azalıb». Mütəxəssis bildirir ki, bütün insanlar, xüsusilə də ürək-damar xəstəliyi olan şəxslər özlərini qorumaq üçün günün isti saatlarında açıq havaya çıxmamalıdırlar. Çıxdıqları halda isə baş örtüklərindən istifadə etməlidirlər: «Bəzi adamlar günün ən isti saatlarında çimərliklərə üz tuturlar. Ancaq bu müsbət hal deyil, əksinə ziyanlıdır. Çimərliklərdən səhər saat 7.00-dan 11.00-dək və axşamüstü saat 17.00-dan 21.00-dək istifadə etmək daha məqsədəuyğundur”. Həkimin məsləhətinə görə, valideynlər xüsusilə azyaşlı uşaqları günəş şüalarından qorumalıdırlar. Çünki, uşaqlar hətta 30 dərəcə istidə də günvurmaya məruz qala bilirlər. S.Nəcəfov deyir ki, kəskin istilər zamanı təkcə ürək-damar, qan təzyiqi olan xəstələr deyil, sağlam adamlar da günvurmaya məruz qala bilərlər:
«Sağlam adamlar da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma qeydə alına bilər ki, nəticədə həmin şəxsdə ürəkbulanma, qızdırma, qusma müşahidə ediləcək. İsti havada sinir sistemində baş verən dəiyişiklik nəticəsində insanlarda tez yorulma, başağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalar müşahidə olunur. Rütubətli isti günlərdə atmosfer havasında oksigenin faizi aşağı düşür ki, bu zaman insanlar çətin nəfəs alırlar. Kəskin istidə işləyənlərdə güclü tərləmə baş verir. Bu zaman orqanizmdə su-duz mübadiləsi pozulur. Tərləyən insanda orqanizm üçün vacib olan mikroelementləri itirir. Onların yeri meye qəbulu ilə doldurulmalıdır».
İstivurma və günvurma xarici istilik amillərinin təsiri nəticəsində orqanizmdə yaranmış patoloji vəziyyətdir. Bu patoloji vəziyyət özünü bədən hərarətinin artması, mərkəzi sinir sistemi, qan dövranı, tənəffüs sisteminin və su-elektrolit balansının pozulması şəklində biruzə verir. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 370C-dən yüksək olduğu hallarda baş verir. İstivurma uzun müddət isti hava və ya infraqırmızı şüalanmanın təsirindən orqanizmdə baş verən patoloji haldır.
Mütəxəssislər deyirlər ki, istivurma isti sexlərdə, hamam, saunalarda və s. uzun müddət qaldıqda baş verir. Günvurma isə zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. İstivurma və günvurma zamanı patoloji proses həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyin normadan yüksək olması, alkoqol sərxoşluğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qara ciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda istivurma (günvurma) xüsusilə ağır keçir.
Belə hallarda həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi-şişkinləşməsi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır.
Bəzi hallarda istivurma və günvurma daha ağır formada olur, şok və ya koma ilə nəticələnir. Bədən temperaturu 420-430C-dən yüksək olarsa, ölüm baş verir.
Klinik olaraq istivurma (günvurma) üç dərəcədə olur: - Yüngül; - Orta ağır; - Ağır.
Mütəxəssislər deyirlər ki, istivurma və günvurmadan qorunmaq üçün Günəş şüasının təsiri artdığı zamanlarda mümkün qədər kölgəyə çəkilmək lazımdır. İsti havada alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran tez-tez qəbul edilməlidir. İsti havada qidalanmanın düzgün təşkili isə ən vacib məsələlərdən biridir. Qida yüngül olmalıdır, orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən, yağlardan, ət məhsullarından imkan daxilində az istifadə edilməlidir. Qida rasionunda göyrəti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır.