Bu gün saat 11 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yaxınlığında toplaşan şəxslərdən 6 nəfər nazirliyin qəbul şöbəsinə fərdi qaydada öz müraciətlərini edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. Onun sözlərinə görə, müraciətlərin hər biri dərhal qeydə alınıb və dinlənilib. Onlardan əlillik dərəcəsi almaq istəyən iki nəfərə barələrində indiyədək tibb müəssisəsindən heç bir göndəriş daxil olmadığı, daxil olduğu halda əlilliyinin qiymətləndiriləcəyi bildirilib.
Müraciət edən şəxslərdən biri ondan protez üçün bir neçə gün öncə ölçülər götürüldüyünü bildirib və protezin verilməsinin sürətləndirilməsini xahiş edib. Həmin şəxsin də diqqətinə çatdırılıb ki, o, protezləşmə üçün hazırlıq mərhələsi keçməlidir.
Qalan 3 nəfərin isə sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı, bununla belə əlillik dərəcəsi almaq istədikləri müəyyən olunub. Bununla bağlı da onlara izahat verilib.