Nazirliklər “Azərbaycan”dakı tənqidi yazıya reaksiya verdi
Bütün Xəbərlər
16:57 05.11.2011
1422
Əksər dövlət qurumları bu yazının onlara aidiyyəti olmadığını deyir“Azərbaycan” qəzetinin nazirləri, komitə sədrlərini, digər yüksək vəzifəli şəxsləri, bəzi monopolist şirkətlərin rəhbərlərini sərt tənqid etməsi haqda məlumat vermişdik. Xatırladaq ki, rəsmi dövlət qəzetindəki məqalədə nazirlər əndazəni aşmaqda ittiham edilir, onlar oğurluqda, yalançılıqda, işdə tapılmamaqda suçlanır. Bəllidir ki, bu yazı “Azərbaycan”ın, yaxud onun baş redaktoru Bəxtiyar Sadıqovun özünün təşəbbüsü deyil. Çünki bu qəzetə siyasi məsələlərlə, ümumi kursla bağlı təlimatlar, göstərişlər birbaşa Prezident Administrasiyasından verilir. Bu səbəbdən redaksiya rəhbərliyin yazını siyasi rəhbərliklə razılaşdırmadan dərc etməsi tamamilə mümkünsüzdür.Vaxtı ilə prezidentin müşaviri olmuş politoloq Qabil Hüseynli hesab edir ki, “Azərbaycan”ın bu yazını icazəsiz dərc etməsi mümkünsüzdür: “Bu, ideoloji xarakter daşıyan və ictimai rəyi mümkün dəyişikliklərə hazırlayan bir yazı təsiri bağışlayır. Çünki uzun müddətdir Azərbaycan hakimiyyətində islahatlar baş verəcəyi və bu islahatların daha çox Nazirlər Kabinetini əhatə edəcəyi haqqında söz-söhbətlər dolaşır. Bu islahatların aparılması həm də beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərdən doğur. Güman edirəm ki, sözügedən yazı həmin siyasi islahatların başlanmasına bir siqnal ola bilər. Ən azından bu, bir sıra nazirlərin vəzifədən götürülməsi, yaxud bəzi nazirliklərin birləşdirilməsi kimi addımların atılmasına təkanverici bir amil kimi ortaya çıxıb. Hazırda 65 yaşını keçmiş nazirlər, digər dövlət qurumlarının rəhbərləri, baş nazirin müavinləri də kifayət qədərdir və bununla bağlı bir proqram həyata keçirilir. Eyni zamanda etimadı doğrultmayan, 10 ildən artıqdır bir vəzifədə oturan və sözün həqiqi mənasında oliqarxa çevrilən məmurlar da az deyil. Belə bir vəziyyətdə yəqin ki, ölkə başçısı siyasi idarəçilikdə ən azı müəyyən islahatlara getmək məcburiyyəti qarşısındadır. Hazırkı kadr potensialı və idarəetmənin mövcud konfiqurasiyası ilə effektli idarəçilik həyata keçirilməsi mümkün deyil. Bu nöqteyi-nəzərdən ”Azərbaycan"da dərc olunan və nazirlərin həyat tərzini və fəaliyyətini demək olar ki, dəqiqliklə təsvir etmiş yazının ərsəyə gəlməsini təsadüfi saymaq olmaz. Ən azı bu yazı ictimai rəyi ciddi kadr dəyişiklərinə hazırlamağa yönəlib".Bəs nazirliklərin özündə bu yazı necə reaksiya doğurub?Vergilər Nazirliyinin Analitik İnformasiya Şöbəsindən sualımıza belə cavab verildi: “Həmin məqalədə göstərilən məqamlarla bağlı deyə bilərik ki, Vergilər Nazirliyi həm də hüquq-mühafizə orqanıdır. Bu səbəbdən təkcə nazirin deyil, nazirliyin vəzifəli şəxsləri ilə rastlaşarkən, yaxud onlar gələrkən əsasnamədə göstərilən qaydalara uyğun olaraq daha aşağı rütbəli şəxsin təzim forması var. Daxili prosedurlarda bu nəzərdə tutulur. İkinci məsələ qəbulla bağlıdır. Hər ayın sonuncu həftəsinin 5-ci günü birbaşa nazirin qəbulu günüdür. Bundan başqa, vətəndaşlar saytımızda elektron yazılış qaydasında nazirliyin istənilən vəzifəli şəxsi ilə əlaqə yarada bilirlər. Həmçinin, saytda birbaşa nazirə müraciət üçün link var. Bura yazılan məktublar birbaşa cənab nazirin özünə gedir”.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə açdığımız telefonlara isə cavab verilmədi.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov yazının onlara aidiyyəti olmadığı qənaətindədir: “Daxili İşlər Nazirliyin bütün rəhbər şəxsləri - nazir müavinləri, idarə rəisləri, Kollegiya üzvləri hər ay yerlərdə də vətəndaşları qəbul edirlər. Cənab nazirin özünün də bölgələrdə vətəndaşları qəbul etməsi haqda informasiyaları bütün mətbuat orqanları dərc edib. Bu görüşlər zamanı xeyli sayda insan öz dərdini deyib, problemi həll olunub. Daxili işlər naziri nə vətəndaşlardan, nə jurnalistlərdən qaçmır, eyni zamanda da nazirliyin digər rəhbər şəxsləri. Bu yazının bizə heç bir aidiyyəti yoxdur”.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Asəf Əliyev “Azərbaycan” qəzetində dərc olunan yazının onun təmsil olunduğu nazirliyə aidiyyəti olmadığını hesab edir: “Bizim nazirlikdə edilən bütün şikayətlər dərhal araşdırılır, qəbula gələnlər aidiyyəti şöbələrdə qəbul edilir, onlar dinlənilir və problemlər həll edilir. Cənab nazir daim iş başındadır, xidməti maşını ilə işə gəlib-gedir, cangüdəni də yoxdur. Bu yazının bizim nazirliyə və nazirə aidiyyəti yoxdur”.