Nazirliyin həbsdə olan aparat rəhbəri: "O, əslində, Əli Abbasovun qohumudur"

Nazirliyin həbsdə olan aparat rəhbəri: "O, əslində, Əli Abbasovun qohumudur"
SOSİAL
11:36 19.09.2016
1638
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun "Kapitalbank"ın filial müdiri işləmiş Seymur Quluzadə ilə qohum olması və onun işbirliyi quraraq dövlət vəsatini mənimsəməsi ilə bağlı yayılan məlumatlar tam doğru deyil".
Bunu Milli.Az-a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun adından onun vəkili Muğan Əliyev "Aztelekom" İstehsalat Birliyində 1 milyon 500 min manatlıq mənimsəmə ilə bağlı mediada yayılan bəzi məlumatlara aydınlıq gətirərkən deyib.
Vəkil qeyd edib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: "Əvvəla Vidadi Zeynalov həmin mənimsəmə faktında adıçəkilən Quluzadə Seymur Əsgər oğlu ilə qohum deyil. S.Quluzadə "Kapitalbank"ın filİal müdiri işləyib. Buna baxmayaraq, "Aztelekom" İstehsalat Birliyi ilə işgüzar əlaqələri olub. İkincisi, S.Quluzadə V.Zeynalovun yox, əslində keçmiş nazir Əli Abbasovun bacısı qızının həyat yoldaşıdır. Və üçüncüsü, S.Quluzadənin mənim müvəkkilim V.Zeynalovla heç bir işbirliyi olmayıb. Ona görə də V.Zeynalov bu məlumatı qəti şəkildə inkar edir. Əsl həqiqət elə bundan ibarətdir".
Xatırladaq ki, yayılan məlumata görə, V.Zeynalovun göstərişi ilə "Aztelekom" İstehsalat Birliyi kabel alışı üçün müqavilə bağlayıb. Müqavilənin qiyməti V.Zeynalov tərəfindən şişirdilib və təşkilatın büdcəsindən kabel alışı üçün 1 milyon 500 min manat ayrılıb. Həmin məbləğin 600 min manatı V.Zeynalovun bacısı qızının həyat yoldaşı, uzun müddət "Kapitalbank"ın filial müdiri işləmiş Quluzadə Seymur Əsgər oğlu tərəfindən nağd pul kimi çıxarılıb. Pul həmin şəxs tərəfindən V.Zeynalova verilib.
S.Quluzadə "Kapitalbank"da filial müdiri olsa da, V.Zeynalovun göstərişi ilə "Aztelekom" İstehsalat Birliyinin kabel alqı-satqısına nəzarət edirmiş. "Aztelekom"da aparılan yeyinti faktlarının əksəriyyəti də S.Quluzadənin vasitəsilə həyata keçirilirmiş.
Qeyd edək ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədov, həmin MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs müddəti bir neçə dəfə artırılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
OXŞAR XƏBƏRLƏR