Nə edirsən et, bircə ölmə...

Nə edirsən et, bircə ölmə...
KÖŞƏ
12:46 11.05.2012
2853
Elşən Musayev
İnadıma salıb avtomobilə doğru irəlilədim. Bu gün də millət vəkili olan şəxslərdən ən az 5-i yanımda idi. Polis müşayəti ilə gedirdik. Kimsə də bir şey danışmırdı. Və...bu sükut ta Milli Məclislə AzTV arasındakı dalanda bizi qarşılayan şok mənzərəyə qədər davam etdi: Efirdə ikən maşınımın qabaq şüşəsi çilik-çilik edilmiş, təkərlərin dördü də boşaldılmışdı. Ən qəribəsi də o idi ki, mənə olan hirsini maşına tökən həmin zavallılar oradan uzaqlaşmaq əvəzinə hələ də kənardan, yaxın məsafədən ağır söyüşlər, təhqirlər yağdırırdılar. Rəsul Quliyevin tezliklə bizim axırımıza çıxacağını durmadan, sanki futbol matçında şüarlar söyləyirmiş təki söyləyirdilər.Maşını məcburən oradaca qoyaraq, Mübariz Qurbanlının heç olmasa onlarla bərabər şəhərin mərkəzinə qədər getmə təklifindən də imtina edib taksiyə mindim. Sönülü telefonu açdım. Anındaca evdən zəng gəldi. Dəstəyin o biri başındakı titrək, həyəcanlı, səs isə hələ də qulaqlarımdadır: “Nə edirsən et, bircə ölmə!”- Anam sadəcə bu cümləni deməyə güc tapıb hönkürdü.“Görəsən çoxmu irəli getdim? Hamı nədən eyni sözləri deyir? Niyə bir adam çıxışımdan danışmır, məhz təhlükəsizliyimdən narahatdır?”- öz-özümə təkrarən verdiyim suallar paralel olaraq vahiməni də içimə damla-damla sızdırırdı.Və mən...çox-çox sonralar biləcəkdim ki, ANS-dəki efirdən öncə telefonuma zəng edib məni bu çıxışdan yayındırmağa çalışan, hakimiyyətin sonunun gəldiyini dönə-dönə vurğulayan və bu günə qədər də kimliyini müəyyən edə bilmədiyim şərəfsiz, fikrimi heç cür dəyişdirə bilməyəcəyinə əmin olduqdan sonra evimizi yığıb anamı qorxudubmuş...***Bütün təhlükələr artıq geridə qalmışdı. Siyavuş Novruzovun “bloknot”undakı dırnaqarası dostlar da çətin anda gizlənmiş olduqları rayondan, ya da şeytan bilir hansı dəlikdən çıxaraq yenidən ortalıqda idilər, meydan sulayırdılar.Beləcə, ATV-də növbəti və son canlı yayına girdim. Bununla da çıxışlarımın sayı 53 oldu. Nitqim bitər-bitməz özümü studiya yerləşən mərtəbənin dar dəhlizinə verib dərin bir nəfəs aldım. İçimdə qeyri-adi, sanki dünya mənimmiş kimi bir fərahlıq vardı.Qürrələnirdim ki, özüm və deputatlığım üçün gərəkən təbliğatı apara bilməsəm də, 117 saylı dairəni mənə görə tanıdılar. Ən əsası isə Heydər Əliyev adına, dövlətçilik uğruna atıldığım meydandan, siyasiləşən həyatımın ən ağır sınağından alnı açıq çıxa bildim.***Evə gəlib əynimdəki paltarla üzü qoyulu şəkildə yatağa necə atıldımsa saatlarla tərpənmədən eləcə də qaldım. Uzun fasilədən sonra ilk dəfə idi ki, beynimdə hər hansı çıxışın planlarını qurmurdum. Günlərdir arzuladığım rahatlığıma qovuşmuşdum. Və...bu əhval-ruhiyyə gecə saat 00.30 radələrində mobil telefonuma Mübariz Qurbanlıdan gələn zəngə qədər davam etdi: “ Elşən, sabah “Qələbə” meydanında yekun mitinqimizdir. Tapşırıq da belədir ki, təbliğatımızın əsas simalarından biri olaraq sən də orada nitq söyləyəsən. Amma mütləq gəl. Səni gözləyəcəyik”Vəssalam. İndi də mitinq çıxışı hazırlamalıyam...***Qısa bir müddətdə məhşurlaşmağın qeyri-adi, insanın özünə də maraqlı gələn tərəfləri var. Ya da belə deyək, hamı səni tanıyır, sənsə 3-4 nəfərin qərarlaşdığı kiçicik bir studiyada nəzərlərini dikib danışdığın kameranı milyonların izlədiyini bir anlıq unudursan. Və anidən, gözləmədiyin məqamda sənə-sənin öz təqdimatını verənlər olmasa sona qədər də bu düşüncə ilə davam edərsən...Az qala metronun “İnşaatçılar” stansiyasına qədər uzanan kütlə arasından dostların köməyi ilə kiçik bir ”koridor” açıb birtəhər meydana daxil ola bildim. Həmin darmacalda bütün diqqətini üzərimə cəmləyib gülümsəyən insanları, tərəfdaşları, həmfikirləri görmək o qədər xoş bir duyğu idi ki...Hamı tanıyırdı, hamı nəsə deyirdi, hamı adımla çağırırdı...Çox çətinliklə də olsa, tribunanın yerləşdiyi və yalnız çıxış edəcək şəxslərin buraxıldığı qırmızı zolaqlı dairəyə daxil oldum. Kimlər yoxuydu ki orada ...Demək olar bütün siyasi elita. Abel Məhərrəmovdan tutmuş Musa Musayevə qədər hər kəs yaxınlaşıb haqqımdakı xoş fikirlərini bölüşdülər. Ən sonda isə Bahar Muradova məni kənara çəkib gərgin günlərdə onlarla bərabər olduğum üçün xüsusi minnətdarlığını ifadə edərək belə bir gəncliklə qürur duyduğunu söylədi.(Bu arada qısa bir arayış verim ki, iqtidar nümayəndələri arasında mənə qarşı hər zaman xüsusi diqqətlə yanaşan azsaylı şəxslərdən ikisi məhz qadın olub: Bahar Muradova və Rəbiyyət Aslanova. Üstəgəl, siyasətə gəldiyim gündən həmin insanları mübarizənin, odun-alovun tən ortasında görmüşəm. Bu gün iqtidar adına ortalıqda gəzib, özündən deyən bəzi “kişi”lərdən də çox-çox daha qeyrətlidir onlar!)Və..Əli Əhmədovun qeyri-adi, möhtəşəm təqdimatı ilə tribunaya qalxıb qısa nitqimi söylədim.Deyəsən alındı. Finalı da istədiyim kimi başa vura bildim. O qədər sevincli idim ki...Səhnənin pilləkənlərini düşər-düşməz böyük bir jurnalist ordusu ilə əhatələndim(onların arasında Türkiyədən və Rusiyadan olan agentliklər üstünlük təşkil edirdilər)Yenə də seçkilərlə bağlı açıqlamalar...fikirlər.. eksklüziv müsahibələr...Hər kəs potensial deputat kimi baxırdı mənə.Bir tək özümdən savayı...(ardı var...)
OXŞAR XƏBƏRLƏR