Nə? Harada? Nə zaman? üzrə “Freedom Cup” turniri baş tutdu

GƏNCLİK
01:09 23.11.2011
2097
Xəzər İntellektual Gənclər Klubu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Freedom Cup” turnirini təşkil etdi. Gənclər və İdman Nazirliyinin və GRBS-in dəstəyi ilə keçirilən turnir Ambassador oteldə baş tutdu. AZXEBER.COM-un məlumatına görə, turnirdə ölkənin ən güclü 30 komandası iştirakı edirdi. İştirakçılar arasında həm Xəzər İntellektual Gənclər Klubunun yüksək liqalarında təmsil olunan, həm klubun həyata keçirdiyi Universitet və Məktəb liqaları layihələrinin, həm də digər klubların komandaları yer almışdılar. Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurovun sözlərinə görə, İntellektual oyunlar üzrə təşkil olunan turnirlər bundan sonra da davamlı olaraq təşkil olunacaq. O, “Xəzər klubu bu istiqamətdə fəaliyyətini 2012-ci ildə daha da genişləndirəcəyini vurğuladı.” Yarışın suallar paketinin redaktorları Rusif Hüseynov və Oktay Məhərrəmov isə iştirakçılara 48 sualdan ibarət maraqlı yarışma və komandalar arasında sona qədər davam edən mübarizə bəxş etdilər. Nəticədə, “Freedom Cup”ın qalibi Brainstorm komandası oldu. İkinci və üçüncü yeri isə müvafiq olaraq Cihad və Diplomat komandası tutdu. Qaliblər kubok, medallar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Xatırladaq ki, Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun yaradılmasının və fəaliyyətinin əsas məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. Xəzər İntellektual Gənclər Klubu hal-hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetində fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur.

OXŞAR XƏBƏRLƏR