“Ciddi məsuliyyət tətbiq etməliyik”.
Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmada qanunsuzluq aşkar edilərək Səbail rayon Polis İdarəsinə müraciət olunub.
AZXEBER.COM xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi Departamentinin sektor müdiri Raqib Mirzəyev məlumat verib.
O, bildirib ki, Nəbatat bağında ağaclar kökündən çıxarılıb və bu da sənədləşdirilib. Onun sözlərinə görə təqsirkarın müəyyənləşdirilməsi üçün Botanika İnstitutunun rəhbərliyinə və Səbail rayon Polis İdarəsinə müraciət olunub:
“Təqsirkar tapıldıqdan sonra onun barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək. Hələ araşdırma gedir. Təqsirkar tapılmayıb. O, tapılandan sonra qanuna müvafiq olaraq akt tərtib olunacaq və İnzibati Xətalar Məcəlləsinin qanunvericiliyinə uyğun olaraq müvafiq qaydada cərimələnəcək”.
“İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır”.
Bunu prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı deyib.
Dövlət başçısı bildirib ki, ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər:
“Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
Prezident qeyd edib ki, bu işi həyata keçirənlər məsuliyyətə cəlb edilməlidir:
“Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Xatırladaq ki, bir müddət bundan öncə, Azərbaycan Milli Elmlər Akademiyasından Mərkəzi Nəbatat Bağında (AMEA/MNB) kəsilən ağaclarla bağlı açıqlama veriblər. Bildiriblər ki, Bakıda Badamdar şosesi, 40 ünvanında yerləşən 41,3 hektarlıq bağın cənub-şərq hissəsində yarım hektarlıq şitillik ərazidən müxtəlif cavan ağac növləri köklü şəkildə digər hissəyə köçürülüb. Burada təbii genofondun zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən yeni bitkilər əkilir. MNB-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bildirib ki, bitki genofondunun zənginləşdirilməsi üçün ən əlverişli sahə nisbətən boş olan məhz həmin ərazidir ki, uzun illər seyrək ağaclarla qorunub saxlanıb.
AMEA-dan həmçinin bildiriblər ki, hazırda sözügedən ərazidən maksimum səmərəli istifadə etmək məqsədi ilə köçürmə və əkin işləri planlı şəkildə həyata keçirilir. Əkilənlər arasında kökləri dərinə uzanmayan bitkilər, xüsusən də çiçək növləri üstünlük təşkil edir.
Burada gələcəkdə AMEA-nın və elmin inkişafı məqsədi ilə digər tədbirlərin görülməsi üçün əlavə imkanlar da nəzərə alınır.





