“Hadisələrin baş verməsində keçmiş icra başçısı günahkar idi, ondan başqa günahkar yoxdur”
Millət vəkili Vahid Əhmədov “mediaforum” saytına müsahibəsində deputatı olduğu Quba rayonunda martın 1-də baş vermiş xalq etirazı ilə bağlı maraqlı fikirlər bildirib. “Quba hadisələrinin baş verməsindən iki ay ötür. Yəqin ki, məsələləri dəfələrlə təhlil etmisiniz. Əslində Qubada nə baş vermişdi” sualına V.Əhmədov bunları deyib:
“Vaxt gələr, bəzi məsələlər açılar. Əgər prezident icra hakimiyyətinin başçısını təyin edirsə, icra başçısı həmin rayonda insanlarla münasibətini normal qurmalıdır. Camaatla normal münasibətlər qurmayanda çox ciddi problemlər yaranır. Hesab edirəm ki, Qubada insanların narazılığı həddən artıq böyük idi. Ona görə də qubalılar öz haqlarını tələb edirdilər və mən burada elə bir ciddi problem görmürəm. Narazılıq yalnız icra başçısından, onun Qubaya, qubalılara şəxsi münasibətindən qaynaqlanırdı və bu narazılıq pik həddə gəlib çatmışdı”. V.Əhmədovun aşağıdakı açıqlamasından isə belə məlum olur ki, Qubada icra başçısından ciddi narazılığın olduğunu yuxarılar əvvəldən bilirmiş, lakin vaxtında tədbirlər görülməyib: “Bir daha deyirəm ki, xalqın narazılığı vardı, bu bilinirdi. Ona görə də gərək vaxtında müəyyən qərarlar veriləydi”. “Qubalıların narazılığının yatırılmasında böyük rol oynadınız. Bunun mətbuata çıxan və çıxmayan hissəsi var. Siyasi hakimiyyət əməyinizi necə qiymətləndirdi? Siz ”yaxşı iş gördünüz, sağ olun" dedilərmi? Bir məlumat da vardı ki, Quba hadisələrinə görə sizi ittiham edirlər, istintaqa çağırıblar. Bunlar doğrudurmu" suallarına isə deputat belə cavab verib: “İstintaqla bağlı məlumatım yoxdur. Mən vətəndaş və deputat kimi borcumu yerinə yetirdim. Çünki ora mənim rayonumdur, insanlarla ünsiyyətdəyəm. Necə seçildiyimi, necə deputat olduğumu hamı bilir. Ona görə də borcumu yerinə yetirdim. Qalanları isə dövlətin, hökumətin işidir”. Quba hadisələrinə görə həbs olunanların əksəriyyətinin hakim Yeni Azərbaycan Partiyasının üzvü olmasının qəribə göründüyü haqda suala isə Vahid Əhmədovun cavabı istintaqın əsl günahkarı məsuliyyətdən kənarda saxladığını, günahsızları cinayət məsuliyyətinə cəlb etdiyi barədə indiyə qədər mətbuatda dərc olunan məlumatları təsdiqləmiş olub: “Mən bu məsələlər haqda danışmaq istəmirəm. Buna istintaq cavab verməlidir. Bütün bu hadisələrin baş verməsində keçmiş icra başçısı günahkar idi. Ondan başqa günahkar yoxdur və heç kimi günahlandırmaq istəmirəm”. V.Əhmədov hazırda Qubada hər hansı narazılığın olmadığını deyib: “Narazılıq keçmiş icra başçısı Rauf Həbibovdan idi. O da işdən azad olunub. Rayonda başqa narazılıq yoxdur”.
Musavat.com