Nəcəf Novruzov: Azərbaycan gəncləri öz dövlətini, öz bayrağını canından çox sevir -MÜSAHİBƏ

Nəcəf Novruzov: Azərbaycan gəncləri öz dövlətini, öz bayrağını canından çox sevir -MÜSAHİBƏ
GƏNCLİK
21:52 02.02.2016
4079
Xəbər verdiyimiz kimi 2 fevral Azərbaycanda Gənclər Günü qeyd olunur.
Nərimanov rayon Gənclər İdarəsinin rəisi Nəcəf Novruzovun bayram günü ilə bağlı AZXEBER.COM-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Nəcəf müəllim, bu gün Azərbaycanda Gənclər günü qeyd olunur. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətini necə qiymətləndirirsiz?
- İlk öncə fürsətdən istifadə edərək Azərbaycan Gəncləri günü münasibətilə bütün gəncləri və özünü gənc hiss edən hər kəsi ürəkdən təbrik edirəm. Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda, sözün həqiqi mənasında, gənclərin hərtərəfli inkişaf etməsi üçün istənilən zəruri şərait yaradılmışdır. Buna bariz sübut kimi yaxın keçmişdə bir neçə dəfə gənclər haqqında dövlət tərəfindən xüsusi proqramların hazırlanması, onun təsdiqi və icrası, eyni zamanda 2015-ci ildə strategiyanın qəbul olunmasını göstərmək olar. Şübhəsizdir ki, qəbul olunan qərarların hər biri gəncliyimizin yüksək intellektual inkişafının, sağlam əqidə və sağlam düşüncədə tərbiyəsinin təmin olunması və gənclərin sosial rifah halının yaxşılaşdırılması üçün çox zəruri məsələdir. Mən də gənclər sektorunda illərlə çalışan bir şəxs kimi dövlətimizin apardığı bu siyasəti dəstəkləyir və çox təqdirəlayiq hesab edirəm.
- Rəhbəri olduğunuz Nərimanov rayon Gənclər İdarəsi ən fəal qurumlardandır. Gənclərlə ən fəal çalışan təşkilat rəhbərlərindən olduğunuza görə sizə belə bir sual vermək istərdim: Bu gün Azərbaycan gənclərinin ən böyük istəyi nədir?
- Bəli, bu gün bizim deməyə əsasımız var ki, həqiqətən, Nərimanov rayon Gənclər və İdman İdarəsi son bir neçə ildə gördüyü işlərlə, həyata keçirdiyi çoxsaylı tədbirlərlə, gənclər üçün yararlı layihələrlə ölkədə gənclər siyasətinin həyata keçirilməsində həm birbaşa iştirak edir, həm də bu siyasətə bir növ töhfə verir. Bu işlərə rəhbərlik etmək isə məni həm qürurlandırır, həm də daha da pirinsipial çalışmağa vadar edir. Çünki ətrafımızda birləşən hər bir gənc gələcəyin layiqli vətəndaşı olacaq və dövlətə, onun maraqlarına xidmət edəcəkdir. Bu gün Azərbaycan gənclərinin ən böyük istəyi odur ki, qüdrətli Azərbaycanı daha da qüdrətli görmək, ölkəmizi dünyanın lider dövlətləri sırasında bərqərar olunması görmək və ən əsas, ən ümdə arzu kimi isə işğal altında olan torpaqlarımızın azad olunmasını görməkdir. İnanırıq ki, bu arzular ən yaxın gələcəkdə Möhtərəm Cənab Prezidentin rəhbərliyi altında reallığa çevriləcəkdir.
- Gənclərin öz potensiallarını ortaya qoyması, layihələrini realizə etmələri üçün nə kimi addımlar atırsız?
- Ümumiyyətlə, mən rayonda fəaliyyət göstərən ictimai-siyasi fəal gənclərlə tez-tez kontaktda oluram və onların əksəriyyətinin potensial və bacarığına bələdəm. Onlarla görüşlərdə, tədbirlərdə hər dəfə xüsusi tapşırıram ki, yeni layihələrlə, yeni təkliflərlə, fikirlərlə çıxış etsinlər. Bu yeni layihələr, əsasən, intellektual səviyənin inkişafına və sağlam bədən tərbiyəsinə hesablanmalıdır. Çünki bu iki amilin hər ikisi bir- birilə vəhdət təşkil etdiyi zaman çox nəaliyyət əldə etmək olar. Fikirləşmək lazımdır, gənc həm savadlıdır, intellektlidir, həm də sağlamdır. Bu artıq püxtələşmiş və cəmiyyətə yararlı potensial kadr deməkdir. Biz də bütün işlərimizi yalnız bu məsələlər üzərində qurub gənclərə hərtərəfli dəstək göstəririk.
- Bəzən görürük ki, bəzi gənclər hakimiyyətə müxalif olmaqla, dövlətə müxalif olmağı səhv salırlar. O gənclərə nə məsləhət görərdiz?
- Bilirsiniz, istənilən halda dövlət hamımızındır. Biz bu dövlət üçün, üçrəngli bayarağın səmalarda dalğalanması üçün minlərlə şəhidlər vermişik. O bayraq şəhidlərimizin müqəddəs qanı hesabına bu gün zirvələrdədir. Bu da onu göstərir ki, həqiqətən, dövlət və dövlətçilik adlanan məfhumlar, müqəddəs və daim qorunması zəruri olan varlıqlardır. Azərbaycan gəncləri isə öz dövlətini, öz bayrağını canından çox sevir. Bu gün gənclər günündən danışırıqsa, bu gün Silahlı Qüvvələrdə olanların mütləq əksəriyyəti məgər gənc deyilmi? Bəli, onlar da təmənnasız şəkildə öz vətəni qoruyurlar və bundan mənəvi həzz alırlar. Əfsuslar olsun ki, sizin dediyiniz kimi dövlətə müxalif fikirli gənclər də var. Lakin onlar çox azlıq təşkil edirlər və onlar öz fikirləri ilə yox hansısa siyasi radikal cərəyanların fikirləri ilə düşünürlər. Şübhəsizdir ki, belə hallar qəbuledilməzdir və inanıram ki, o qəbildən olan gənclər də tez bir zamanda yalnış yolda olmaqlarının fərqinə varacaqlar.
- Sağlam gənclik anlayışına mətbuatda tez-tez rast gəlirik. Siz sağlam gənclik necə olmalıdır?
- Sağlam gənclik anlayışı aktuallığını son zamanlarda yox, artıq bir neçə ildir ki, qoruyub saxlıyır. Sağlam gənclik ilk növbədə gələcəyə nikbin baxaraq özünü və özünün potinsialını durmadan inkişaf etdirməlidir. Sağlam gənclik dövlətini, vətənini sevməli və onun hər zaman ən ali mövqeydə olduğunu düşünərək onun maraqlarına xidmət etməlidir. Bu gün Azərbaycanda belə gənclərin sayı kifayət qədərdir, hətta deyə bilərəm ki, bu kütləvi xarakter daşıyır. Bütün bunlar bizə deməyə əsas verir ki, həqiqətən, bu gün Azərbaycanda cəmiyyətin ayrılmas hissəsi kimi sağlam gənclik mövcuddur. Bu da aparılan düzgün və düşünülmüş dövlət siyasətinin məntiqi nəticəsidir.
- Son olaraq oxucularımıza nə demək istərdiz.
- Son olaraq deyə bilərəm ki, əziz gənclər, gəlin bu dövləti bizə əmanət qoyan Ümummilli lider Heydər Əliyevin siyasi ideyaları ətrafın sıx birləşək və bu siyasi ideyaları bu gün məharətlə davam etdirən Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi bütün işlərdə ona yaxından dəstəyimizi nümayiş etdirək. Dövlətimizi, dövlətçiliyimizi və ulu babalarımızdan qalan bu doğma vətənimizi sevək, qoruyaq və özümüzdən sonara gələn nəsillərə ötürək. Bir daha bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində bol-bol uğurlar diləyirəm.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR