"Neftçi", "Xəzər", "Qarabağ"

İDMAN
06:47 19.05.2011
2052


Qarşılaşmaların yekunları üzrə çempionatın qalibləri müəyyənləşib. Tofiq Bəhramov adına respublika stadionunda vaxtından əvvəl çempionluğu təmin edən “Neftçi” prinsipial rəqibi – “Xəzər-Lənkəran”ı qəbul edib. Gərgin keçən oyun 1:1 hesabı ilə başa çatıb.

Qollar ikinci hissənin əvvəlində vurulub. İlk olaraq Cavid İmamverdiyev lənkəranlıların və Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin səhfindən istifadə edərək hesabı açdı. Bir dəqiqə sonra isə, Culius Vobay “Neftçi”nin cərimə meydançasında qarışıqlıqdan istifadə edərək, hesabı bərabərləşdirdi.

53-cü dəqiqədə ikinci sarı vərəqəni alan “Neftçi”nin futbolçusu Rəşad Abdullayev meydançanı tərk etsə də, hesab dəyişmədi – 1:1. Oyundan dərhal sonra, “Neftçi”nin futbolçularına çempionluq kuboku təqdim edilib.

Eyni zamanda, AZAL-ın meydançasında eyniadlı klub “Qarabağ”ı qəbul edib. Medallar uğrunda mübarizə və Avropa kuboklarına vəsiqə baxımından bu oyun mühüm əhəmiyyət kəsb edirdi.

“Təyyarəçi”lər 3:1 hesabı ilə qələbə qazanıblar. 14-cü dəqiqədə Ağdam klubunun futbolçusu Georgi Adamiyanın hesabı açmasına baxmayaraq, Mənsur Limani və Mirko Bunyevçeviçin birinci hissənin sonlarında vurduğu qollar hesabına AZAL fasiləyə qalib kimi yollanıb.

İkinci hissədə isə oyunda son nöqtəni, 89-cu dəqiqədə topu rəqibin qapısından keçirən Enyo Krastovçev qoyub.

Bundan bir qədər əvvəl isə “İnter” 1:0 hesabı ilə “Bakı”nı üstələyib. Oyunda yeganə qolu 26-cı dəqiqədə Rövşən Əmiraslanov vurub. Lakin bu qələbə “İnter”ə arzulanan 4-cü yeri qazandırmayıb.

Beləliklə, “Neftçi” çempionluq əldə edib, “Xəzər-Lənkəran” çempionatda 2-ci yeri tutub, “Qarabağ” 3-cü mövqe ilə kifayətlənir, 4-cü pilləyə isə AZAL yüksəlib. Azərbaycan kubokunun finalında “Xəzər-Lənkəran” “İnter”ə qalib gəldiyi təqdirdə, Avropa kuboklarına sonuncu vəsiqəni məhz AZAL əldə etmiş olacaq.

İlk altılıqda qərarlaşan komandalar üzrə turnir cədvəli belədir:

1. “Neftçi” – 67 xal (32 oyun)
2. “Xəzər-Lənkəran” - 60 (32)
3. “Qarabağ” - 58 (32)
4. AZAL – 49 (32)
5. “İnter” - 49 (32)

OXŞAR XƏBƏRLƏR