Neftçala rayon təhsil şöbəsi jurnalistin attestatını vermir

Neftçala rayon təhsil şöbəsi jurnalistin attestatını vermir
Bütün Xəbərlər
11:56 09.08.2012
3543
Yaxud Azərbaycanda attestatın dublikatını çıxartdırmağın Qarabağı azad etməkdən daha müşkül məsələyə çevrilməsi   

Reportyorların Azadlığı və Təhlükəsizliyi Institununun (RATI) əməkdaşı Vəfa Nağı təhsil almaq hüququndan məhrum edilir.Bu barədə “Azadlıq” qəzetinə jurnalistin özü bildirib. Vəfa Nağının sözlərinə görə, 2006-cı ildə Bakı Dövlət Sosial Iqtisad Kollecini bitirib. Həmin ildə kollecden attestatını götürsə də, sonradan sənədi itirib. Təhsilini xaricdə davam etdirmək istəyən jurnalist deyib ki, bunun üçün attestatın olması zəruridir: “Çünki Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin diplomları xaricdə tanınmır və mən attestatla sənəd verməliyəm. Amma sənədin dublikatını çıxartdırmaq problemə çevrilib. Baxın, bunun üçün hansı bürokratik əngəlllərlə üzləşmişəm və sonucda da heç bir nəticə əldə olunmayıb: Orta məktəbi Neftçala rayonunda bitirdiyimdən attestatın dublikatını çıxartdırmaq məqsədilə təbii olaraq əvvəlcə bu rayonun Təhsil Şöbəsinə müraciət etdim. Oradan polisə yazılı ərizə təqdim etməli, “Azərbaycan müəllimi” qəzetində attestatın itməsilə bağlı elan yerləşdirməli olduğumu və yalnız bu prosedurları keçəndən sonra sənədi ala biləcəyimi dedilər. Onu da əlavə etdilər ki, proses ən azı bir ay çəkəcək. Vaxt məhdudluğundan mən dərhal polisə ərizə ilə müraciət etdim. Iki ay sonra yenidən polis şöbəsilə əlaqə saxlayaraq ərizəmlə maraqlandım. Bəlli oldu ki, ərizə itib, buna görə də cavab verilməyib. Yenidən ərizə yazıb cavab aldım. Getdim “Azərbaycan müəllimi” qəzetində elan verməyə. Dedilər ki, qəzet həftədə bir dəfə - cümə günü nəşr olunur. Ona görə də elan ən azı bir həftə gecikəcək. Lakin elanın haqqını artıqlaması ilə ödədiyimə görə, problem həll olundu".Jurnalist deyib ki, elan verdiyi qəzeti, polisdən aldığı cavabı Təhsil Şöbəsinə təqdim edib. Ona bildiriblər ki, avqustun 8-də attestatını ala bilər: “Avqustun 7-də Təhsil Şöbəsinə zəng vurdum. Şöbənin Asif adlı inspektoru bildirdi ki, daha bir sənəd təqdim etməliyəm: Təhsil aldığım kollecdən arayış. Onun sözlərinə görə, attestat alınıb, lakin həmin arayış olmasa sənədi mənə təqdim edə bilməzlər. Kollecin isə darvazasına yekə bir qıfıl vurulub. Sənəd qəbuluna az qalıb. Beləliklə də mən faktiki olaraq bürokratik əngəllərin üzündən təhsil almaq hüququndan məhrum edilirəm”.

OXŞAR XƏBƏRLƏR