"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirir.
AZXEBER.COM-un "fanat.az"a istinadən verdiyi məlumata görə, transfer pəncərəsinin son günlərində Ruslan Abışovu itirən paytaxt klubu boşluğu əcnəbi futbolçu ilə doldurur. Belə ki, "Neftçi" bir neçə gündür ölkəmizdə olan Kafu ləqəbi ilə tanınan Kanfori Sillanı heyətinə qatır. Artıq komandanın hazırlıqlarına qatılan futbolçu ilə anlaşma əldə olunub. Rəsmi müqavilənin sabah imzalanacağı gözlənilir.
Qeyd edək ki, Sillanı ölkəmizə "Simurq" çağırmışdı. Lakin Zaqatala klubu sonradan bu futbolçu ilə müqavilə bağlamadı. "Simurq" futbolçunun bəyənilmədiyini desə də, Sillanın meneceri Yusuf Uncular zaqatalalıların tələb olunan pulu vermədiyini bildirib. Belə ki, qvineyalı futbolçu ayda 10 min dollar maaş istəyib, "Simurq" isə 6 min dollar təklif edib. Bu səbəbdən tərəflər anlaşa bilməyib. 31 yaşlı Silla müdafiədə və yarımmüdafiədə oynayır. O, karyerası ərzində Belçikanın "Çarleroy" (66 oyun), Yunanıstanın "Etnikos" (54 oyun, 3 qol), "Kallitea" (25 oyun), Türkiyənin "Sivasspor" (49 oyun, 8 qol), "İstanbul BB" (19 oyun, 4 qol) və "Konyaspor" klublarında çıxış edib. Futbolçu Qvineya yığmasında 38 oyun keçirib.