Martın 26-da paytaxtda taksi sürücülərindən biri Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən ölümcül döyülüb. Buna səbəb isə müfəttişlərin taksi sürücüsündən 100 manat tələb etməsi olub. Pulunun olmadığını deyən sürücü nazirliyin əli belli qoçuları tərəfindən ölümünə döyülüb.
Adını dəqiqləşdirə bilmədiyimiz sürücünün başına və bədəninə bel ilə vurublar. Yaxınlıqdan keçən və hadisəyə şahid olan bir nəfər olayı telefon vasitəsi ilə çəkib. Müfəttişlərin sürücünü niyə görə döydüyünü soruşduqda nazirliyin əməkdaşları “bu bizim işimizdir” deyə cavab verib. Qeyd edək ki, hadisə 8-ci mikrorayon ərazisində “qoşa zapravka” deyilən yerdə səhər saatlarında baş verib. Hadisədən sonra müfəttişlər ölümcül hala salınan sürücünü elə yolun ortasında buraxaraq “90 AF 364” xidməti maşınlarına oturaraq ərazidən uzaqlaşıblar. Hadisədən sürücünü yoldaşları əraziyə gəliblər və dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat veriblər. Yoldaşları tərəfindən xəstəxanaya çatdırılan sürücünün vəziyyəti ağır olub. Olayın lentə alınmış görüntüsü isə Daxili İşlər Nazirliyinə təqdim olunub. Hadisə ilə bağlı araşdırma aparılır.
(musavat.com)