Mülki geyimli nəqliyyat müfəttişlərinin sürücülərin başına açdığı “oyunlar” haqda dəfələrlə yazmışıq. Lakin problem nəinki həll edilməyib, hətta əvvəlkindən də pis vəziyyət yaranıb. Məsələn, paytaxtın "20 Yanvar" metrostansiyası yaxınlığındakı magistral yolda mülki geyimli şəxslər nəqliyyatın hərəkətinə "nəzarət edirlər".
Üzərlərində kim olduqlarını bildirəcək heç bir nişan olmasa da, onlar müfəttişlərlərdir. "20 Yanvar" metrostansiyası yaxınlığında müşahidə apardıq.
İdmançı görkəmində və geyimində olan bu şəxslər "Azərsu" ASC-nin binası qarşısında dayanırlar və ən çox da taksi sürücülərinin işinə müdaxilə edirlər. Onlar həmin ərazidə taksi fəaliyyəti göstərən sürücülərdən başqa kimsənin sərnişin götürməsinə və ya düşürməsinə imkan vermirlər. Lakin özlərinin razılaşdıqları sürücülərin həmin ərazidə asanlıqla sərnişin götürməsinə və dayancaq kimi istifadə etməsinə icazə verirlər.
Qeyd edək ki, əvvəllər "20 Yanvar" istiqamətinə gələn marşrutlar metronun yaxınlığında sərnişinləri düşürürdülər. Bu isə tıxac yaranmasına səbəb olurdu.
Tıxacın qarşısını almaq məqsədi ilə marşrut avtobuslarının dayanacaqları həmin ərazidən köçürüldü, avtobusların həmin ərazidə sərnişin götürməsinin qarşısı alındı.
Lakin bu qaydanın tətbiqi çox çəkmədi, hazırda həmin dayanacaqlarda taksi sürücüləri müştəri gözləyirlər. Təəccüblü olan bir məqam da odur ki, nəqliyyat müfəttişlərinin himayəsində olmayan kənar taksi sürücüləri həmin ərazidə nə müştəri götürə, nə də avtomobilini park edə bilirlər. Müşahidə apardığımız zaman da taksi sürücülərinin həmin ərazidə sərnişin düşürmək istəyərkən mülki geyimdə olan müfəttişlərin təzyiqi ilə qarşılaşdıqlarının şahidi olduq.
Bəs görəsən, kənar sürücülərin avtomobili bir neçə dəqiqəlik saxlamasını qanunsuz hesab edən nəqliyyat müfəttişləri 2-3 cərgə ilə dayanan, tıxaca səbəb olan taksilərin fəaliyyətinə niyə göz yumurlar?
Biz ərazidə olduğumuz müddətdə mülki geyimli şəxslərin magistral yolun ortasında taksi sürücüsü ilə mübahisə etdiklərinin şahidi olduq. İdman geyimində olan iki şəxs və müfəttiş geymində olan nazirlik nümayəndəsi sürücü ilə mübahisə edirdilər.
Onlara yaxınlaşıb, kim olduqlarını öyrənməyə çalışdıq. Müfəttiş geyimində olan şəxs özünü təqdim etsə də, mülki geyimli iki şəxsdən biri vəsiqəsinin vaxtı bitdiyini, digəri isə sənədinin olmadığını dedi. Mülki geyimdə olmalarının səbəbini soruşduqda isə, sualdan yayınmağa çalışdılar. Nəqliyyat müfəttişi isə burada qeyri-qanuni fəaliyyət göstərən taksi sürücülərini saxlayıb, onlara müvafiq cərimələr tətbiq etdiyini bildirdi.
Məsələ ilə bağlı taksi sürücüsü ilə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən bir sürücü nəqliyyat müfəttişlərinin yanında olan şəxsləri sürücüləri qorxutmaq üçün xidmətə buraxdıqlarını dedi:"Sürücülər bu ərazidə taksi saxlayarkən müfəttişlərlə mübahisə edirlər, haqqını tələb edir. Bu zaman həmin mülki geyimlilər taksi sürücülərinə hədə-qorxu gələrək, istədiklərinə nail olurlar. Özlərini "vorzakon" kimi aparan mülki geyimlilər nəqliyyat müfəttişlərinin sözünün keçmədiyi məqamda dövrəyə girirlər. Burada bir neçə dəqiqə müşahidə aparsanız, mülki geyimli nəqliyyat “qoçuları”nın hökmranlığının şahidi olarsınız".