Nərgiz Cəlilova: 'Nəyə görə yalnız ANS sosial mövzuları işıqlandırmalıdır?' - MÜSAHİBƏ

Nərgiz Cəlilova:
MEDİA
19:00 13.01.2012
3203
Azerbaijan Study Academy-nin (ASA) tərkibində fəailyyət göstərən Media School da dərslər davam edir. Xəbər verdiyimiz kimi, akademiyada tanınmış teleaparıcı Nərgiz Cəlilova da dərs deyir. Nərgiz xanmla söhbətimiz də ASA-da baş tutdu. Nərgiz xanım böyük məmnuniyyətlə AZXEBER.COM-un suallarını cavablandırdı. Müsahibəni təqdim edirik. - Nərgiz xanım, Azerbaijan Study Academy-də dərs deyirsiz. Necə oldu ki, A.S.A-ya gəldiniz?- İlk növbədə məni bura dəvət etdiyinə görə İlhamə xanım Novruzovaya təşəkkürümü bildirirəm. Mənim ən yaxın dostlarımdandır. Mən ASA-ya gəldiyim ilk gündən bura o qədər aludə oldum ki, media seminarlarındakı təlimlər o qədər xoşuma gəldi ki, buradan ayrıla bilmədim. (gülür)- A.S.A-ya gələn tələbələr sizdə necə təsir bağışlayır?- Bura gələnlərin çoxu televiziya sahəsini istəyir. Bu gözəl təşəbbüsdür. Bir şeyi deyim əgər bu təlimdə iştirak edən 30 tələbədən ikisi televiziya sahəsinə düşə bilsə, bu böyük bir nailiyyət olacaq.- Artıq neçə ildir ki, gənclərlə işləyirsiz. Ümumiyyətlə, gənclərlə işləmək necə hisdir?- Mən gənclərlə işləməkdən mənəvi cəhətdən çox böyük zövq alıram. Çünki ağıllı, savadlı gənclərimiz çoxdur. Xüsusən də qızlar media kurslarına daha çox maraq göstərir. Oğlanları da bura cəlb etsək yaxşı olar. - Xanımlar aparıcılığa daha çox maraq göstərirlər. Sizcə bunun səbəbi nədədir? Oğlan nəyə görə bu sahəyə çox da maraq göstərmirlər?- Onu oğlanların özündən soruşmaq lazımdır. Mən bilmirəm. Bəlkə qızlar efirdə görünməyi, populyar olmağı daha çox xoşlayırlar ona görə belədir. Həm də aparıcılıq qızlara daha çox yaraşır. Amma mən oğlanları da görmək istəyərdim. Bu gün Azərbaycan televiziyalarında yeni kişi obrazı yoxdur. Mən efirdə gözəl səs tempriylə, yaraşığıyla, əsl kişi keyfiyyətlərini özündə əks etdirən aparıcılar görmək istəyirəm. - Nəyə görə bu gün gənclərimiz daha çox televiziyada işləmək istəyirlər? Sizcə qəzetlərdə, agentliklərdə işləmək istəyən gənclərimiz niyə azdır?- Mən hər zaman tələbələrimə deyirəm ki, kim hara yaraşırsa ora getsin. Mən oğlan və qızlara baxan kimi onların daha çox hansı formatlı verilişlərə yaraşdığını müəyyən edə bilirəm. Məsələn, elə tələbələr var ki, onlar müxbir kimi işə başlasalar yaxşıdır. Püxtələşəndən sonra aparıcı kimi efirə çıxa bilərlər.- Çox vaxt nisbətən yaşlı nəsil gəncləri passivlikdə günahlandırır. Sizcə bu günki gənclər doğurdanmı passivdirlər?- İnanın ki, bu söhbətlər hər zaman olur, 100 il bundan öncə də var idi, 100 il sonra da olacaq. Bu günki gənclik daha aktivdir.- Nərgiz xanım, bu gün bəzi aparıcılar televiziyaya tramplin kimi baxırlar. Siz bu haqda nə düşünürsünüz?- Niyə də olmasın? Bir çox aparıcılar olur ki, gəlib televiziyada öz kariyeralarına başlayıblar, tanınandan, püxtələşəndən sonra onlar nazirliklərə mətbuat katibi kimi işləməyə gediblər. Bu normal haldır. Çünki o yol onların yoludur. Biz buna qarışa bilmərik. Televiziya tramplin ola bilər. Bu təcrübə yığandan sonra sanki bir pillə yuxarı qalxmaqdır. Televiziya təcrübəsini başqa sahədə də sınamaq olar.
- Populyarlıq bu günə kimi sizə nə qazandırıb?- Məşhurluq gözəl şeydir. Mən düşünmürəm ki, bunun mənfi tərəfləri var. Ola bilər ki, bu aildə bəzi problemlər yaratsın. Düşünürəm ki, televiziya adamı nümunəvi olmalıdır. O televiziyada başqa, həyatda başqa olmamalıdır. Yəni sən tam, bütöv insan olmalısan. Həm cəmiyyətdə, həm efirdə nümunəvi olmalısan. Çünki bir anda tamaşaçının gözündən düşə bilərsən. - Bəzi aparıcılar var ki, əvvəl xəbər aparıcısı, sonra isə şou verilişlər aparıcısı olub. Siz bu haqda nə düşünürsüz?- Xəbər aparıcısının şou proqram aparması normaldır. Şou proqram aparıcıları da nə vaxtsa cəmiyyət üçün maraqlı, əhəmiyyətli verilişlər apara bilər.
- Bəzi tanınmış jurnalistlər deyir ki, biz artıq Azərbaycan televiziyalarını izləmirik. Bəs siz necə televiziyalarımıza baxırsınızmı?- Mən bütün kanalları izləyirəm. Məncə bu keçid dövrüdür. Biz bu mərhələdən keçməliyik. Çünki bir mərhələdən keçmədən digərinə atılmaq olmaz. Biz səviyyəlini də, səviyyəsizi də görməliyik ki, nəticə çıxara bilək. Mən həmişə deyirəm ki, əgər hansısa bir proqramı bəyənmirsənsə, onda ona alternativini hazırla. Sübut elə ki, sən bu formatda bu proqramı daha yaxşı hazırlaya bilərsən. Əməldə bunu sübut etmək lazımdır. Sadəcə kənardan pisləməklə hər şey bitmir. Efirdə istərim həyatın içindən olan mövzular müzakirə olunsun. Efirdə alternativ fikirlər eşitmək istərdim. Yəni sosial mövzular daha çox olsun. Nəyə görə yalnız ANS sosial mövzuları işıqlandırmalıdır?
- Məsələn, Ziyalılar Forumuna televiziyalarımız yer ayırmadı. - Mən bir şeyi deyim ki, qadağa olunan bir şey daha çox maraq kəsb eləyir. Düşünürəm ki, efirlərdə müzakirələrdən sonra tamaşaçı özü nəticə çıxarmalıdır. Bəlkə Ziyalılar Forumu keçirmək heç düzgün deyil?- Siz özünüz müəllifi olduğunuz verilişlərdə istədiyiniz mövzunu qoya bilirsiz?Bəli, mən öz verilişlərimdə istənilən mövzunu qoyurdum. - Bəs indi niyə belə bir veriliş açmırsınız?- Bunun üçün gərək layihə olsun. Belə layihə olsa böyük məmnuniyyətlə aparıcılıq edərəm.
- Müsahibəyə görə təşəkkür edirik, Nərgiz xanım.- Mən də sizə minnətdaram. Fəailyyətinizdə uğurlarHacıbəy HEYDƏRLİ
OXŞAR XƏBƏRLƏR