"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi".
AZXEBER.COM xəbər verir ki, bu sözləri akademik Qəzənfər Paşayev Xalq şairi Nəriman Həsənzadənin dəfn mərasimində deyib.
O bildirib ki, Nəriman Həsənzadə ilə uzun illər dostluq münasibətləri olub və onunla bağlı çoxlu unudulmaz xatirələri var:
"Nəriman müəllimlə tez-tez zəngləşər, söhbət edərdik. Bir dəfə ona zəng etdim. Həyat yoldaşım da onunla danışmaq istədi. Nəriman müəllim gülərək dedi: " Qadınlar bizi çox istəyirlər, neynəyək?" Bu hadisə həmişə yadımdadır".
Qəzənfər Paşayev qeyd edib ki, Xalq şairinin yaradıcılığını daim izləyib və demək olar ki, bütün poemaları haqqında məqalələr yazıb:
"Nəriman Həsənzadənin demək olar ki, bütün poemaları haqqında yazmışam. Sonuncu poeması üç il əvvəl çap olunmuşdu, onun haqqında da məqalə qələmə aldım. Bir dəfə Mir Cəlalın " Füzulinin sənətkarlığı" əsərinin alman dilində nəşri ilə bağlı keçirilən tədbirdə Hafiz Paşayev mənim həmin poema haqqında yazdığım rəyi oxuduğunu və onun sanki ayrıca bir poema təsiri bağışladığını dedi".
Akademik vurğulayıb ki, Nəriman Həsənzadəyə həsr etdiyi ilk açıq məktubu 1980-ci ildə yazıb:
"Mənim ilk açıq məktubum 1980-ci ildə Nəriman Həsənzadəyə həsr olunmuşdu. Onun yaradıcılığını və şəxsiyyətini hər zaman böyük sevgi ilə dəyərləndirmişəm".
Qəzənfər Paşayev sonda Xalq şairinin Fəxri xiyabanda dəfn olunmasının onun xidmətlərinə layiq olduğunu bildirib:
"Nəriman Həsənzadə bu gün Azərbaycanın ən böyük şəxsiyyətlərinin uyuduğu Fəxri xiyabanda torpağa tapşırıldı. Bu məkan ona ana südü kimi halal idi. Allah rəhmət eləsin".
Fəridə Əsədzadə











































