Nərmin: "Əgər doğuşdan istedadlısansa, uğur qazanmaq asandır" - FOTO-VİDEO

MAQAZİN
14:26 23.11.2021
1004
Azərbaycan musiqisinin dünyada özünəməxsus yeri var. Ölkəmizi musiqi sahəsində layiqincə tanıtmaqda gənclərimizin rolu isə danılmazdır.
 
AZXEBER.COM-un müsahibi də belə gənclərdən biri, yalnız həmyerlilərinin deyil, xarici auditoriyanın diqqətini cəlb edən musiqilər ifa edən Nərmin Abduldur.

- Əvvəlcə özünüzü haqqında oxucularımıza məlumat verərdiniz...

- Mən Nərmin Abdull, 21 yaşım var. 2006-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsil almağa başlamışam. Bəstəkarlığa marağım olduğu üçün bu sahəyə gəldim. 2 il Bülbül adına orta ixtisas məktəbində bəstəkarlıq üzrə Ayaz Qəmbərlinin sinfində təhsil almışam. Keçən il Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə bəstəkar, Əməkdar İncəsənət xadimi, Professor Ceyhun Allahverdiyevin sinifindən məzun oldum.

- Niyə məhz piano?

- Bütün musiqi alətləri gözəldir, hamısı insanın duyğularını, ruhunu oxşayır, amma pianonun məndə ayrı bir yeri var, yəni sadəcə seçim məsələsidir.
 
- Nərmin xanım, pianoda ifa etmək üçün yaş amili nə qədər vacibdir?

- Yaşın nə fərqi var ki? Sual verirlər ki, gələcəkdə istəyərdiniz ki, övladınız musiqiçi olsun? Həmişə bunun üçün xüsusi istedadın lazım olduğunu deyirəm. Təkcə sıradan musiqiçi olmaq üçün yox, yeni mərhələlər kəşf etmək üçün daima çalışmalısan. Əgər doğuşdan istedadlısansa uğur qazanmaq asandır. Sonradan yaxşı musiqiçi olmaq üçün əzm, zəhmət labüddür.

- Sosial şəbəkələrdə ifalarınızı izləyicilərinizlə bölüşürsünüz. İfalarınızı necə qarşılayırlar?

- İlk dəfə "Bella Ciao” musiqisini paylaşmışdım və xoş qarşılanmışdı. Çalışıram, çox müraciət edilməyən və fortepianoda ifası olmayan əsərləri ifa edim.
 


- İzləyicilərinizin ən çox bəyəndiyi ifalarınız hansı olub?

- Daha çox Emin Sabitoğlunun "Ala gözlüm” musiqisi və "Nazəndə sevgilim” musiqiləri bəyənilib.

- Məşhur filmlərimizdən xatırladığımız ifalara daha çox üstünlük verməyinizin səbəbi nədir?

- Azərbaycanın musiqi cəhətdən çox zəngin olduğunu düşünürəm, xüsusilə əvvəlki filmlərin musiqiləri... Klassik və retro musiqilərdən həzz alıram.

- Necə düşünürsünüz, yaxşı bəstəkar necə olmalıdır?

- Yaxşı bəstəkar həm qəlbə, ruha toxunmağı bacarmalıdır, həm də düşündürücü olmalıdır.

- Azərbaycandan kənarda festivallarda iştirak etmisiniz?

- Bəli. 2013-cü ildə məşhur pianoçu H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların Ümumşəhər festivalında diplomla təltif olunmuşam. 2014-cü ildə Gənc bəstəkarların XVII beynəlxalq " Звездный проект" müsabiqəsində I yerə, 2016-cı il Astana şəhərində keçirilən Gənc bəstəkarların III beynəlxalq " Таланты XXI века" müsabiqəsində I yerə, 2017-ci ildə Astraxan Dövlət konservatoriyasının nəzdində keçirilən bəstəkarların II beynəlxalq" Fructus Temporum " müsabiqəsində isə III yerə layiq görülmüşəm.

2019-cu ildə Moskvada keçirilən Elena Fabianovna Gnesinanın 145 illiyinə həsr olunmuş İfaçı və Bəstəkarların XI beynəlxalq «Романтизм: истокиигоризонты» müsabiqəsində "bəstəkar-ifaçı" nominasiyasında iştirak edərək Rusiyanın xalq artistləri, P.İ.Çaykovski adına Moskva dövlət konservatoriyasının fortepiano və bəstəkarlıq kafedrasının professorları V.P.Ovçinnikov, V.V.Belyayev və T.A.Çudova tərəfindən I yerə layiq görülmüşəm.

- Sosial medianın imkanlarından nə dərəcədə razısınız?

- Bu platformalardan düzgün şəkildə istifadə etdikdə yaxşı nəticələr görmək olur. Sosial şəbəkə həvəskar fəaliyyət göstərən şəxslərə bacarıqlarını üzə çıxarmaq üçün şans verir. Özü də heç bir maliyyə vəsaiti tələb olunmadan bunu həyata keçirmək mümkündür. Bu səbəbdən də sosial şəbəkələrdən çox razıyam. Əsas məsələ bu məkandan düzgün şəkildə istifadə etməkdir.

- Müasir Azərbaycan musiqisini necə qiymətləndirisiniz?

- Bizim Qara Qarayev, Niyazi, Tofiq Quluyev, Fikrət Əmirov kimi Azərbaycan musiqisinə böyük töhfə verən bəstəkarlarımız olub. Düşünürəmki, biz çox istedadlı xalqıq, sadəcə zaman-zaman təmbəl olmuşuq. Bəlkə də, təmbəl olmasaydıq, neçə xəzinənin qapısını açmışdıq. Onların davamçıları da milli musiqimizi dünyada layiqincə qiymətləndirilər.

- Son olaraq gənc musiqiçilərə nə demək istəyərdiniz ?

- Başqa sahələrdə olduğu kimi, bu sahədə davamlı çalışmaq tələb edir. Bunun üçün davamlı çalışmaq, əzmkar olmaq lazımdır. Məhz bunlar uğur əldə etməyin əsas prinsipləridir.

Ayan Rzayeva,
BDU Jurnalistika fakültəsi tələbəsi

OXŞAR XƏBƏRLƏR