Fidan Cahangir,BDU Jurnalistika fakültəsinin tələbəsiƏzizim, qardaşım. Necəsən? 6 ildir bizdən, məndən uzaqda necə qalırsan?
Bilirəm, darıxırsan. Mən də darıxıram. Bu gün bilirsən noldu? Sənə 1 yoldaş gəldi.
Uzun müddətdir onu saxlamağa çalışdıq. İstəmədik gəlsin ora. Sənin yanına.
Bilirsən noldu? Onu da eynən sənin kimi elədilər. Səhv diaqnoz. Yalnış müalicə. Azərbaycan kimi yerdə ağ xalatlı qəssablar onun taleyini dəyişdilər. Bil, əzizim.
Onu da sənin kimi xaricə qaçırdıq. Xarici həkimlər yaşayacaq deyib ümid verdilər. Sevindik.
Yatılı olan mələyimiz qalxdı ayağa. Dedi. Güldü.
Sırf onun üçün deistindən yəhudisinə, iqtidarından müxalifinə, dinindən, dilindən, siyasi görüşündən asılı olmayaraq hamı birləşdi.
1 manat 1 həyat dedi.
Hamı mələyimizin gülüşündən həvəs aldı, çalışdı, çabaladı.
Amma o körpə, cılız bədəni kimyəvi dərmanlara tab gətirə bilmədi.
Hə, eynən sənin kimi…
Balaca qəlbi qaldırmadı bu qədər ağır yükü.
Bu gün gəldi sənin yanına. Mələyimiz cənnətinə tələsdi.
Sən ondan böyüksən, əzizim. Onu sənə tapşırıram. Onu orda qoru. Cənnət qoxulumuzu qoru.
Mələyimizə yaxşı bax. Sənə güvənirik.