“Əmlakımıza qəsd etməyin!”
Redaksiyamıza Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 69 və Mirbəşir Qasımov küçəsi 8 ünvanlarında yaşayan 30-a yaxın sakinin Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, FHN-ə, Bakı Şəhər İcra Hakimiyyətinə, Nəsimi Rayon İcra Hakimiyyətinə imzaladıqları şikayət məktubunun surəti daxil olub. Sakinlər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Mehməliyevin onlara aid bir məsələdə hərəkətlərinə biganə qala bilmədiklərini yazırlar:
"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə apardığı abadlıq və quruculuq işləri göz qabağındadır. Bakı şəhəri gündən-günə gözəlləşir və abadlaşır. Lakin Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Mehməliyev Süleyman Rüstəm küçəsi 69 və Mirbəşir Qasımov küçəsi 8 ünvanlarındakı evlərin qarşısında yaşıllıq zolağını dağıdaraq özünə şəxsi ofis binası tikdirmək istəyir. Biz sakinlər bu ünvanda belə tikintinin aparılmasına qəti etirazımızı bildiririk və ümidvarıq ki, ölkəmizin səlahiyyətli şəxsləri onun bu qanunsuz hərəkətinə öz münasibətini bildirəcək. Bir daha sizdən xahiş edirik ki, bizim qapı və pəncərələrimizin bir addımlığında onu qapayaraq bizi gün işığından məhrum edən, sağlamlığımıza və səhhətimizə mənfi təsir göstərə biləcək bu qanunsuz tikintinin qarşısını alasınız".
Ən sonda "Əmlakımıza qəsd etməyin!" İcra hakimiyyəti ictimai narazılıq "yaradır!" və sair şüarlarla etiraz aksiyası keçirəcəklərini deyən sakinlər bildirir ki, iri tikinti üçün qətiyyən yaramayan, eni-uzunu 9x20 metr olan bu sahədə tikinti aparılarsa, ərazidəki yaşıllığın böyük hissəsi məhv ediləcək, halbuki, hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, əlaqədar dövlət təşkilatları Bakıda yaşıllığı artırmaq üçün fəaliyyət göstərir. Sakinlər bildirir ki, onlarda olan məlumata görə, ərazidə qanunsuz tikinti aparmaq istəyənlər Süleyman Rüstəm küçəsinin həmin hissəsini 5-6 metr də geri çəkərək ərazini bir qədər də böyütmək fikrindədirlər ki, bu da Süleyman Rüstəm küçəsinin indiki düz vəziyyətini itirərək xeyli əyilməsinə, eyni zamanda çoxsaylı iri ağacların kəsilməsinə gətirib çıxaracaq. Bütün bunların isə bir qanunsuz tikilinin xatirinə ediləcəyi bildirilir.
Sakinlər əlavə edirlər ki, artıq həmin ərazinin Balakən rayon Tülü kənd sakini Həbilov Elçin Qüdrət oğlunun adına sənədləşdirildiyi barədə də məlumatlar var. Sakinlər həmin şəxsin "üzə tutulmuş" sahibkar olduğunu, əslində isə hər şeyin icra başçısına məxsus olduğunu iddia edirlər. Sakinlər arasında dolaşan ən diqqətçəkən məlumatlardan biri də odur ki, artıq Bakı Şəhər İcra Hakimiyyəti ərazini Həbilov Elçinin adına rəsmən sərəncamlaşdırsa da, məsələnin mübahisəli olduğu nəzərə alınaraq hələlik həmin sərəncam üzə çıxarılmır, yəni aranın "yat-yut" olmasını gözləyirlər.
Dünən biz sözügedən sərəncamın həqiqətən olub-olmadığını araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, kiminləsə telefon əlaqəsi yarada bilmədik.
Nəsimi Rayon İcra Hakimiyyəti ilə sakinlər arasında yaranmış mübahisənin əsl mahiyyətini yerli hakimiyyət orqanındanda dəqiqləşdirməyi gərəkli bildik. Çünki burada söhbət 30-a yaxın sakinin narahatlığından, eyni zamanda sakinlərin İcra Hakimiyyətini seçki ərəfəsində ictimai narazılıq yaratmaqda suçlamasından gedir və yəqin ki, İcra Hakimiyyətinin rəhbərliyi bu suçlamanın çox məsuliyyətli və ağır olduğunun fərqinə varır.
Nəsimi Rayon İcra Hakimiyyətində bir neçə telefonla əlaqə saxladıqdan sonra bizə qəbul şöbəsinin adı verildi. Sənədlər və vətəndaşlarla iş üzrə şöbənin müdiri Nazim Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, sakinlərin ünvanladığı şikayətlə tanışdır və orada yazılanlar həqiqəti əks etdirmir: "Mən sizi dəvət edirəm ki, gəlib həmin yerlə tanış olasınız. Əvvəla, deyilən ərazidə heç bir yaşıllıq yoxdur. İkincisi, Bakı şəhərinin inkişaf planına uyğun olaraq həmin ərazi söküntü zonasına aiddir. Orada hər hansı tikinti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılaşdırılmış layihəsi əsasında aparıla bilər. Həmin qurum tərəfindən tikintinin aparılmasına icazə verilməyib. Bu səbəbdən də deyilən ərazidə heç bir tikinti aparılmır. Belə yalan məlumatların yayılmasının arxasında hansı məqsədlərin durduğunu deyə bilmərəm".
İcra Hakimiyyəti şöbə müdirinin dediklərinə inansaq, bu o deməkdir ki, ərazinin sakinləri üçün narahatlıq doğuran hansısa hadisə baş verməyəcək və həmin ərazidə, sakinlərin öz sözləri ilə desək, "çöl divarları mövcud sakinlərin evlərinin qapı-pəncərəsinə söykənən" heç bir bina tikintisi aparılmayacaq. /baki –xeber.com/