Bu gün Türkiyə tarixinin ən önəmli günlərindən biridir. Qardaş ölkə yeni parlamentini və Prezidentini seçir. Bu seçkilər ölkəmizdə də çox yaxından izlənilir və nəticələri həyəcanla gözlənilir. Bu da səbəbsiz deyil. Türkiyə - Azərbaycan dostluğu dünyada eşi, bənzəri olmayan bir dostluqdur və dünyanın bir çox ölkəsi tərəfindən qısqanclıqla qarşılanır.
Seçkiləri ölkəmiz üçün daha da vacib edən məqamlardan biri isə qardaş ölkədə seçki təbliğatı dövründə müxalifətin Azərbaycana münasibətidir.
- "Millət İttifaqı"nın vahid namizədi Kamal Kılıçdaroğlunun "Azərbaycansız türk yolu" projesi,
- Onun qeyri-rəsmi sözcüsü, danışan dili olan Fatih Portakalın "Azərbaycan dostumuz deyil" sözləri,
- Vətən müharibəsi zamanı Kılıçdaroğlunun danışmanı Ünal Çeviközün "Türkiyə Azərbaycana silah və əsgər göndərir" açıqlaması,
- "Altılı masa"nın əsas simalarından olan Davutoğlunun İrəvanda futbol oyunu zamanı Sarkisyanla qucaqlaşıb, səmimi pozlar verməsi,
- Ali Babacanın 1915 hadisələrinə görə ermənilərə başsağlığı verməsi və seçki dövründə Ermənistana xüsusi münasibət bəsləməsi,
Bütün bunlar CHP-nin və Millət İttifaqının 1945-ci il zehniyyətinin dəyişmədiyini göstərir. Həmin dövrdə də CHP iqtidarı sovet rejimindən ona sığınan azərbaycanlıları Stalinə təslim etmişdi.
Bu yerdə tarixə Boraltan faciəsi kimi düşən həmin hadisəni xatırlamaqda fayda var...
1945-ci ildə CHP hakimiyyəti bolşevik zülmündən qaçan və qardaş ölkəyə sığınan 195 azərbaycanlını Sovet əsgərlərinə təhvil verir. 195 türkü sovet əsgərləri Araz çayının üstündə yerləşən Boraltan körpüsündə təhvil alırlar və Türk əsgərlərinin gözü önündə güllələyirlər.
Geridə isə Murat Ümit Darganın bu ağısı qalır:
Düşman bekler karşıda,
Önüne kattı beni,
Can alınan çarşıda,
Kardeşim sattı beni.
Dönüp seslendim geri,
Merhametsiz birine,
Beni siz vursaydınız,
Şu gavurun yerine.
1945-ci ildən 78 il keçsə də zehniyyət eynidir, CHP yenə də öz ampluasındadır.
AK Parti və "Cumhur İttifaqı"nın isə Azərbaycana sevgisi bütün dünyaya bəllidir. Təkcə Mövlud Cavuşoğlunun "Bizim nəyimiz varsa, Azərbaycanındır" sözü ilə dostluğumuzu, qardaşlığımızı bir daha dünyaya göstərmiş oldu.
Bu məqamda hər kəsi düşündürən bir sual var, görəsən CHP-nin Azərbaycana bu münasibətinin kökündə nə dayanır?
Burada əsas səbəb Türkiyədə yaşayan ermənilərdən səs almaq və Ermənistanın himayədarları Fransa və İranın dəstəyini qazanmaq istəyidir. "Türk yolu"nu İrandan keçirmək istəyən Kılıçdaroğlu bu yolla son zamanlar gərginləşən Azərbaycan - İran münasibətlərində də kimə dəstək verəcəyini dolayı yolla açıqlamış oldu.
Belə bir anda özünə millətçi deyən Meral Akşenerin də susması məşhur deyimdə deyilən "vətənpərvərlik saxtakarların son sığıncağıdır" sözünü gündəmə gətirir. Akşener Qərbə yaxşı görünmək üçün "millətçi"liyini unutdu.
Ümid edirəm ki, bu gün Türk qardaşlarımız doğru seçim edəcək və milli iradəyə, milli adama səs verəcəklər! Türkiyəni 30 il geriyə salmaq istəyənlərin və yeni qardaş axtarışında olanların isə arzusu ürəyində qalacaq.
Hacıbəy Heydərli