Xəstəxanadan daxil olan məlumat əsasında oraya yollanan rayon polis şöbəsinin əməkdaşları hadisənin nə səbəbdən baş verməsini aydınlaşdırıblar. Məlum olub ki, özünü öldürməyə çalışan Yardımlı rayon sakini 30 yaşlı Samir Xeyrulla oğlu Mirzəyevdir. O, Biləsuvar rayonunun Aşağı Cünəli kəndindən olan A.F. adlı qızla nişanlı olub. Bu səbəbdən mütəmadi olaraq nişanlısı ilə görüşmək üçün kəndə gəlirmiş. Üç gün əvvəlki görüş isə onun üçün kabusa çevrilib. S.Mirzəyev kəndə ayaq basar-basmaz, nişanlısının başqa bir oğlana qoşulub qaçdığını eşidir. Eşitdiklərinə inana bilməyən Samir nişanlısının eşqindən içki düşkününə çevrilir. Davamlı olaraq spirtli içki qəbul edir. Elə hadisə baş verən zaman da o, içkili olub. Olanlara inana bilməyən S.Mirzəyev özünə bıçaqla xəsarət yetirərək intihar etməyə cəhd edib. Lakin hadisə şahidləri tərəfindən təcili olaraq xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.
Hazırda faktla bağlı polis şöbəsində təhqiqat aparılır.