“Niaqara” restoranı zəhərlənmə ilə bağlı məlumat yayan şəxsləri məhkəməyə verəcək. Artıq sənədləri hazırlayırıq”.
AZXEBER.COM-un məlumatına görə, bu barədə virtualaz.org saytına kütləvi zəhərlənmə ilə bağlı sorğunu cavablandıran restoranın inzibatçısı Ruslan Cavadov bildirib.
R.Cavadov dedi ki, dünən restoranda 400 qonaq iştirak edib: “Bizim təklif etdiyimiz yeməklər gündəlik hazırlanır. Həmin gün 400 nəfərlik “paytaxt” salatı hazırlanaraq masalara düzülüb. Necə olub ki, yalnız bir nəfər zəhərlənib? Eyni qabda hazırlanan salatdan yalnız bir nəfərin zəhərlənməsi mümkün deyil”.
Ərzaqların gətirilməsindən tutmuş qidaların hazırlanmasına kimi bütün prosesin videogörüntüyə alındığını iddia edən inzibatçı görüntülərin də məhkəməyə təqdim olunacağını qeyd etdi: “Şənliklərin keçirilməsindən tutmuş qidaların hazırlanmasınadək bütün proseslər gündəlik görüntülənir. Dövlət qurumları, hətta jurnalistlər bu görüntüləri izləyə bilərlər. Hesab edirik ki, məlumat restoranı nifuzdan salmaq üçün bizi istəməyənlər tərəfindən qəsdən yayılıb. Çünki həmin gün heç bir müştəridən narazılıq və ya şikayət eşitməmişik”.