Nigar Yaqublunun əfvi məsələsi parlamentdə müzakirə olundu

Nigar Yaqublunun əfvi məsələsi parlamentdə müzakirə olundu
Bütün Xəbərlər
13:14 21.12.2012
1020

Azərbaycan Milli Məclisinin növbəti iclası keçirilir. 

APA-nın məlumatına görə, iclasın gündəliyinə 29 məsələ daxildir.   Cari məsələlərin müzakirəsində çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, AŞPA-nın 2013-cü ilin qış sessiyasında müzakirə olunacaq Azərbaycanla bağlı hesabatın gündəliyinə deputat Elxan Süleymanovun səyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəa salınıb: «Mən təklif edirəm ki, başda Nigar Yaqublu olmaqla, siyasi motivlərlə həbs edilənlər əfv olunsunlar. Bu, bizi istəməyənlərin əl qolunu bağlayacaq».   Deputat Fazil Mustafa Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələləri qaldırıb. Deputat deyib ki, Azərbaycana qohumlarının yanına gələn azərbaycanlılar bir həftə ləngiyən kimi 400 manat cərimə olunurlar: “Azərbaycanlılar üçün bu fərqli, simvolik olmalıdır. Eyni zamanda İran və Türkiyə ilə vizanın aradan qaldırılmasına dair məsələyə baxılmalı və müvafiq qərar qəbul edilməlidir”.   Deputat Qənirə Paşayeva deputat Qüdrət Həsənquliyevin əfv təklifini və Fazil Mustafanın Gürcüstanda yaşayan azərbaycanlıların probleminin həlli istiqamətində qaldırdığı təklifləri dəstəklədiyini vurğulayıb. Deputat uşaqların övladlığa verilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsini, eyni zamanda uşaq evlərində böyümüş uşaqların ali məktəblərə daxil olarkən ödənişlərdən azad olunmasını təklif edib.   Deputat həmkarlarının siyasi məhbusların əfv olunması barədə təkliflərinə münasibət bildirən Siyavuş Novruzov deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Amma törətdiyi bu və ya digər cinayətə görə məhkum olunanlar var: «Məhkəmənin mürəkkəbi qurumamış siyasi məhbus məsələsini ortalığa atırlar. Azərbaycan məhkəməsi ən aşağı həddi müəyyənləşdirib. Bu konkret olaraq cinayət hadisəsidir. Əgər hansısa YAP-çı belə bir hadisə törətsəydi, səs-küyü AŞPA-ya gedib çıxacaqdı».   Çıxışa dini kəlamlarla başlayan deputat Zahid Oruc deyib ki, Azərbaycan “21 dekabr məsələsindən” sağ-salamat çıxıb: «Ümid edirəm ki, bu gün ölkənin regionlarında elektrik enerjisinin təchizatında hər hansı problem olmayacaq. Azərbaycanlılar bundan sonra dünyanın belə biznes layihəsinə inanmayacaqlar». Deputat Avropa Şurası ilə əlaqələrə yenidən baxmağı və yeni sənədlər əsasında əməkdaşlığı davam etdirməyi təklif edib.   Spiker Oqtay Əsədov isə Z.Orucun fikirlərinə münasibət bildirərək deyib ki, Avropa Şurası Azərbaycana qarşı ikili standartlarla yanaşır: «Ermənilərə münasibətdə isə tam fərqlidirlər. Biz bütün öhdəlikləri yerinə yetiririk. İndi yeni öhdəliklər, yüklər götürməliyik?»

 

OXŞAR XƏBƏRLƏR