Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun vəkili Osman Kazımov sentyabrın 12-də “Media forum” saytına açıqlama verib.
O, Nigar Yaqublunun həbsinin ədalətsiz olduğunu vurğulayıb: “Onun ittiham olunduğu maddə ilə həbs qətimkan tədbirinin seçilməsi tam absurddur”.Nigar Yaqublu sentyabrın 11-də həbs edilib. Həmin gün Abşeron Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Hazırda Abşeron Rayon Polis Şöbəsində saxlanan müsavatçı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilir. İstintaqı Abşeron Rayon Polis Şöbəsi aparır.Həbs Müsavat Məclisinin üzvü, fəlsəfə doktoru Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda, Hökməli dairəsində baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Sentyabrın 11-də Daxili İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumatda Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub.Vəkil Osman Kazımov “Media forum” saytına açıqlamasında Nigar Yaqublunun istintaqdan yayınması iddialarına münasibət bildirib: “Daxili İşlər Nazirliyinin bu iddiaları həqiqətə uyğun deyil. Nigar Yaqublu istintaqa ilk dəfə sentyabrın 4-də çağırılıb və həmin gün ifadə verib. İkinci dəfə sentyabrın 7-də çağırılıb. Ancaq müstəntiq işdə olmadığından ifadə verə bilməyib”.
“Sosial şəbəkələrdə Aydın Acalovun ölümü ilə nəticələnən yol qəzasında “Jiquli” markalı minik avtomobilinin də iştirakçı olduğu məlumatları dolaşır. Hadisənin “Jiquli”nin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verdiyi iddia olunur” qeydinə vəkil belə münasibət bildirib: “Yalnız istintaq materiallarındakı video kadrlarla tanış olduqdan sonra bu haqda dəqiq fikir söyləyə bilərik”. Nigar Yaqublu Müsavat başqanının müavini Tofiq Yaqublunun qızıdır. Xəzər Universitetinin məzunudur